Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, maliyyə və vergi məsələləri eksperti Rəşad Məmmədov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən, idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın (əsas vəsaitlər istisna olmaqla) qoyulmasından (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV tutulmur.
Məcəllənin 165.1.10-cu maddəsində isə göstərilib ki, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) üzrə əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur.
Misal: ƏDV və gəlir vergisinin ödəyicisi olan fiziki şəxs fərdi sahibkar, eyni zamanda ƏDV və mənfəət vergisinin ödəyicisi olan müəssisənin təsisçisidir. Fiziki şəxsin mülkiyyətində və istifadəsində əsas vəsait və malları vardır. Təsisçinin qərarı ilə 2023-cü ilin yanvarında həmin əsas vəsait və malları təsisçisi olduğu müəssisəyə pay şəklində qoyub. Fiziki şəxs həm əsas vəsaiti, həm də malı müəssisəyə ƏDV ilə birlikdə təqdim edib və müəssisə nağdsız qaydada həm əsas məbləğin, həm də ƏDV-nin məbləğini ödəyib.
Vergi Məcəlləsinin 146-cı maddəsinin müddəalarına əsasən, şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə), aktivlərin verilməsi vergiyə cəlb olunan təqdimetmə sayılmır. Yəni hüquqi şəxsin təsisçisi tərəfindən əmlakın həmin hüquqi şəxsin nizamnamə kapitalına pay şəklində qoyuluşu vergitutma məqsədləri üçün vergiyə cəlb olunan təqdimetmə sayılmır.
Mallara görə ödənilmiş ƏDV məbləğini müəssisə Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən əvəzləşdirə bilməyəcək. Çünki müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azaddır.
Lakin Vergi Məcəlləsinin 165.1.10-cu maddəsinin müddəalarına əsasən, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində qoyulan əsas vəsaitlər ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb ediləcək və həmin əsas vəsaitlərə görə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV əvəzləşdiriləcəkdir.