Son dövrlər bir çox vergi ödəyiciləri tərəfindən balanslarında olan nəqliyyat vasitələrinin müəyyən dövlət qurumlarına ianə, əvəzsiz olaraq verilməsinə rast gəlirik. Bu əməliyyatda ən vacib məqamlardan biri nəqliyyat vasitələrinin alınması zamanı əvəzləşdirilmiş əlavə dəyər vergisinin (ƏDV) bərpa edilib-edilməməsidir.

Sərbəst auditor Altay Cəfərov “vergiler.az” vasitəsilə məsələyə aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Misal: Tutaq ki, “AA” MMC 2025-ci ilin yanvar ayında 50.000 manat əsas məbləğ, 9.000 manat ƏDV məbləği olan 59.000 manatlıq nəqliyyat vasitəsini əldə edib. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, şirkət ödənişləri edib və 9.000 manat ƏDV-ni əvəzləşdirib. MMC-nin rəhbərliyi (təsisçiləri) noyabr ayında nəqliyyat vasitəsini dövlət orqanına ianə etmək, yəni əvəzsiz olaraq təhvil vermək qərarına gəlib. Nəzərə alaq ki, MMC yanvar-oktyabr aylarında nəqliyyat vasitəsinə 10.400 manat amortizasiya hesablayıb və 01.11.2025-ci ilə nəqliyyat vasitəsinin qalıq dəyəri 39.600 manat olub.

Həmçinin, “AA” MMC əvvəllər 40.000 manat əsas məbləğ, 7.200 manat ƏDV məbləği olan 47.200 manatlıq nəqliyyat vasitəsini əldə edib. Şirkət Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla ödənişləri həyata keçirib və 7.200 manat ƏDV-ni əvəzləşdirib. 01.11.2025-ci il tarixinə nəqliyyat vasitəsinin qalıq dəyəri 30.000 manat olub. MMC sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib. Belə olan halda, 30.000 manatlıq nəqliyyat vasitəsini sərnişindaşıma fəaliyyəti üçün istifadə etməyə razılıq verir.

Bu əməliyyatlar çərçivəsində “AA” MMC-yə ƏDV hesablanmalıdırmı?

Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən, MMC-nin dövlət orqanına əvəzsiz olaraq verdiyi nəqliyyat vasitəsi ƏDV-yə cəlb edilən əməliyyat sayılmır və noyabr ayının ƏDV bəyannaməsinin Əlavə 3-ün 331-ci sətrində nəqliyyat vasitəsinin qalıq dəyərini, yəni 39.600 manatı yazacaq.

İndi məsələnin ikinci hissəsini nəzərdən keçirək. Vergi Məcəlləsinin 175.6-cı maddəsində qeyd olunub ki, bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Vergi Məcəlləsinin 175.6.-cı maddəsinə əsasən, ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə alınmış malların, işlərin və xidmətlərin ƏDV-si əvəzləşdirilmir, ancaq 160.4-cü maddədə olan əməliyyatlar istisna olmaqla. Yəni, 160.4-cü maddəsində olan ƏDV-yə cəlb edilməyən əməliyyatlar üzrə əldə edilmiş mallar, işlər və xidmətlərin ƏDV-si əvəzləşdirilir.

Odur ki, ikinci halda MMC 30.000 manatlıq qalıq dəyəri olan nəqliyyat vasitəsinin dəyərinin ƏDV məbləğini noyabr ayının bəyannaməsinin 324-cü sətrində yazacaq. Yəni, 5.400 manat ƏDV məbləği bərpa ediləcək:

30.000 x 18% = 5.400 manat.

Əsas məbləğ olan 30.000 manat bəyannamənin heç bir yerində əks olunmur. Sərnişindaşıma fəaliyyəti ƏDV-yə cəlb edilməyən fəaliyyət olduğuna görə, bu əməliyyat çərçivəsində əvvəl əvəzləşdirilmiş ƏDV bərpa edilməlidir. 01.11.2025-ci il tarixdə də nəqliyyat vasitəsinin qalıq dəyəri 30.000 manat olduğu üçün qalıq dəyərinin ƏDV məbləği 175.6-cı maddəyə əsasən bərpa edilməlidir.

Ancaq dövlət müəssisəsinə əvəzsiz olaraq verilən 39.600 manatlıq nəqliyyat vasitəsinin ƏDV məbləği bərpa edilməyəcək.