8 C
Baku
Monday, November 18, 2024

Hansı hallar sığorta hadisələri hesab edilir? – “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik

“Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.7-ci bəndinə edilən dəyişikliyə əsasən tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları tərəfindən həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışın da “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir.

Maddəyə görə aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri Qanun  ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:

a) sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;

b) sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman xəsarət alması, habelə xəstələnməsi nəticəsində xidmətdən buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;

c) sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;

ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə:

– I dərəcə əlilliyə görə — 80 faiz;

– II dərəcə əlilliyə görə — 60 faiz;

– III dərəcə əlilliyə görə — 40 faiz;

d) sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən:

– ağır xəsarət aldıqda — 25 faiz;

– az ağır xəsarət — 15 faiz;

– yüngül xəsarət aldıqda — 5 faiz.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.

Son xəbərlər
Digər xəbərlər