27 C
Baku
Saturday, July 27, 2024

Hansı hallarda əlavə maaş ala bilərsiniz?

Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünməklə (avans olaraq və qalan hissə) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Qanunvericiliyə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində əlavə ödənc verilməlidir.

Məsələn, müəssisədə yeni əməkhaqqı sisteminin müzakirə edilərək qərar verilməsi prosesi maaşın vaxtında ödənilməməsinə səbəb olub. Əməkhaqqı hər ayın 5-dən gec olmayaraq verilməli olduğu halda, ayın 31-i verilib. İşçinin əməkhaqqı məbləği 734 manatdır. Qeyd edilən səbəb işəgötürənin təqsiri ucbatından gecikdirilmə hesab edilir və buna görə işəgötürən işçiyə hər gecikdirilən gün üçün 1 faiz məbləğində ödənc ödəməlidir.

Bəs ölkəmizdə bu qayda icra olunurmu?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, bu məsələ daha çox işçinin şirkətlə bağladığı kollektiv müqavilələrlə tənzimlənir:

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsində göstərilir ki, maaşlar 16 gündən bir olmaqla, ayda 2 dəfə verilməlidir. Ancaq tərəflər arasında bağlanan əmək müqaviləsindəki razılaşmaya görə, ayda 1 dəfə də verilə bilər. Bu eyni zamanda şirkətlə bağlanmış kollektiv müqavilələrlə tənzimlənir. Kollektiv müqavilələr həmkarlar ittifaqları ilə şirkət arasında işçilərin hüquqlarının tənzimlənməsi üçün bağlanır. Digər tərəfdən, gecikdirilmiş gün üçün əməkhaqqına əlavə 1 faizlik ödənc isə o halda mümkündür ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi pozulanda işəgötürən işçinin işə çıxdığı zaman ona ödənilməli olan bütün əməkhaqqını ödəməlidir. Əgər ödəmədiyi təqdirdə, işçinin ondan tələb etdiyi müddətcə əməkhaqqını alana qədər almalı olduğu məbləğin 1 faizi həcmində cərimə hesablanması mümkündür”.

Hüquqşünas müxtəlif səbəblərdən işçinin işəgötürəndən bu hüququ tələb etmədiyini qeyd edib:

“Bəzən işəgötürən tərəfindən hər ayın 31-də ödəmənin gecikməsi halı baş verir. Bununla bağlı işçi işəgötürəndən ödənişin gecikmə faizini də tələb edə bilər. Onu da qeyd edim ki, belə bir praktika Azərbaycanda yoxdur. Çünki faktiki olaraq, işəgötürən bu məsələdə dominant mövqedən çıxış edir. İşçiyə daha izah etməyə çalışır ki, onun maddi vəziyyəti və ya digər səbəblər ucbatından maaşları ödəyə bilmir. Amma qeyd edim ki, hazırda həqiqətən də maaş gecikmələri mövcuddur və işçilərin maddi baxımdan işəgötürəndən maddi asılılığından dolayı heç bir şəkildə işəgötürənə qarşı təzminat iddiasında ola bilmirlər”.

Son xəbərlər
Digər xəbərlər