32 C
Baku
Wednesday, July 17, 2024

Hansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur?

Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, təlimçi ekspert Aqil Ağayev qanunvericiliyin bu tələbini “vergiler.az”a şərh edib.

Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.

Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.

Himayədə olanlara görə əməkhaqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir:

– Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;

– Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları.

Məlumat üçün bildirim ki, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.6.1-ci maddəsinə əsasən, aşağıdakılar himayədə olanlara aid edilmirlər:

– təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa);

– qanuna əsasən tam dövlət təminatında olan şəxslər.

Yəni, sizin himayənizdə olan şəxs ali təhsil müəssəsində oxuyursa və təqaüd alırsa, sizin aylıq gəlirinizdən 50 manat azaldılmadan vergi tutulacaq.

Misal: İşçiyə sentyabr ayı üçün 1000 manat əməkhaqqı hesablanıb. İşçi dövlət müəssəsində işləyir. Himayəsində iki azyaşlı və 20 yaşında tələbə var (təqaüd almır.) Onun gəlirindən vergi tutulması aşağıdakı kimi hesablanır:

1000 – 200 – 50 = 750 manat;
750 x 14% = 105 manat.

Beləliklə, işçinin əməkhaqqından 105 manat vergi məbləği tutulacaq. Əgər tələbə təqaüd alsa o zaman.

1000 – 200 = 800 manat;
800 x 14% = 112 manat.

Bu halda 112 manat vergi məbləği tutulacaq.

Son xəbərlər
Digər xəbərlər