18 C
Baku
Sunday, April 28, 2024

Hansı işçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar verilmir?

Təcrübədə bir sıra hallarda işçilər işə daxil olur və qısa bir müddətdə işdən azad olunurlar. Yəni, əmək müqavilələrinə xitam verilir. Belə olan hallarda həmin işçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar verilməlidirmi?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, sərbəst auditor Altay Cəfərov misallarla aydınlıq gətirir. 

Misal 1: “AA” MMC müəyyən vəzifəyə 10.06.2023-cü il tarixində işçi işə qəbul edib və müəyyən səbəbə görə işçinin əmək müqaviləsinə 21.06.2023-cü il tarixində xitam verilib. İşçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməlidirmi?

Misal 2: “BB” MMC 10.06.2023-cü il tarixində işçi işə qəbul edib və müəyyən səbəbə görə işçinin əmək müqaviləsinə 21.07.2023-cü il tarixində xitam verilib. İşçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməlidirmi?

Misal 3: “AA” MMC müəyyən vəzifəyə 10.06.2023-cü il tarixində işçi işə qəbul edib və müəyyən səbəbə görə işçinin əmək müqaviləsinə 21.08.2023-cü il tarixində xitam verilib. İşçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməlidirmi?

Birinci və ikinci misalda qeyd olunan hallarda işçiyə istifadə edilməmiş əmək məziniyyətinə görə heç bir kompensasiya verilməyəcək. Üçüncü misalımızda isə işçiyə istifadə edilməmiş əmək məziniyyətinə görə kompensasiya veriləcək.

Cavabları əsaslandırmaq üçün Əmək Məcəlləsinin 113, 140, 144-cü maddələrinə istinad etməliyik. Məcəllənin 113-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

Əmək Məcəlləsinin 140-cı maddəsində isə göstərilib ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Əmək məzunuyyətinin hesablanmasında və kompensasiyanın hesablanmasında dövr kimi iş ili yox, məzuniyyətdən əvvəlki tam aylar götürülür. İş ilinin başlanması və sona çatması tam aylar olmaya bilər. Məsələn, bizim yuxarıdakı misalımızda 10.06.2023-cü il tarixi əmək məzinuyyəti üçün iş ilinin başlanması tarixidir.

Deməli, işçinin əmək məzuniyyətindən istifadə hüququ varsa və iş ili tam başa çatmamışdan əvvəl işdən azad olunursa, onda məzuniyyətə görə kompensasiya dövrü kimi yarımçıq iş ili götürülməlidir.
Birinci misalda 10.06.2023-cü ildə işə daxil olub və 21.06.2023-cü ildə işdən azad edilib. Bu dövrdə ancaq 10 təqvim gününü işləyıb və dövrdə iş ilinə daxil olan hər hansı bir iş ayı yoxdur. Odur ki, işçiyə heç bir kompensasiya verilməyəcək.

İkinci misalda 10.06.2023-cü ildən 21.07.2023-cü il tarixinə kimi olan iş ilinə görə 10.06.2023-10.07.2023 bir iş ayı və 10 təqvim günü vardır. Nəticə etibarı ilə işçiyə bir iş ayına görə kompensasiya hesablanılıb ödənilməlidir. Ancaq Əmək Məcəlləsinin 140.2.-ci maddəsinə görə, 12 təqvim ayından az işləmiş işçiyə əmək məzuniyyəti və kompensasiya əvvəlki tam ayların orta əməkhaqqına görə hesablanır. Nə iyun, nə də iyul aylarını tam işləmədiyinə görə işçiyə bir iş ayı üçün kompensasiya hesablamaq mümkün olmayacaq.

Üçüncü halda isə 10.06.2023-cü ildən 21.08.2023-cü il tarixinə kimi olan iş ilinə görə iki iş ayı və 10 təqvim günü vardır. Artıq burada 2023-cü ilin iyul ayı tam təqvim ayı olduğuna görə işçiyə kompensasiya hesablamaq mümkündür. Ona görə də 2 iş ayına görə kompensasiya ödəniləcək.

Nəzərə alsaq ki, işçiyə 30 gün əsas əmək məzuniyyəti düşür, onda hesablama belə olacaq:

(30 gün : 12 ay ) x 2 ay = 5 gün

İşçiyə 5 gün əmək məzuniyyətinə görə kompensasiya veriləcək.

Tutaq ki, işçinin 500 manat əməkhaqqısı vardır. Hesablamalar aşağıdakı kimi olacaq:

“500 manat : 1 təqvim ayı: 30,4) x 5 gün = 82,24 manat.

Beləliklə, həmin işçinin məziniyyətə görə kompensasiya məbləği 82,24 manat olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər