15 C
Baku
Friday, April 26, 2024

Hardasan ay İnfluencer?

Son illərdə internet və sosial şəbəkələrin inkişafı marketoloq üçün yeni imkanlar yaratmaqda davam edir. Bu imkanlardan biri olan, “İnfluencer marketinq” sadəcə 5-6 il öncə ortaya çıxmasına baxmayaraq, bu gün marketinq büdcəsində əhəmiyyətli çəkiyə sahib olmaqla bərabər, satış həcminə də ciddi təsir edə biləcək bir gücə çevrilmişdir. Etiraf etməliyik ki, uğurlu İnfluencer marketinq brendin tanınma sürətini artırır, onu daha etibarlı edir və təbii ki, son nəticədə satış həcmini artıra bilir.

Bu məqalədə İnfluencer marketinqin nə olması və onun gücü haqqında deyil, İnfluencer adlandırdığımız insanları necə tapmaq və istifadə etmək barədə danışacayıq. Qısaca olaraq onu demək istərdim ki, bizim məhsulları artıq istifadə edən və ya ən yaxşı müştəri modelinə ən çox uyğun gələn şəxslərlə bağlı əlaqələrimizi ümumilikdə İnfluencer marketinq adlandıra bilərik. İnfluencer insanları eyni zamanda brendin elçiləri də (ambassadors) adlandırırlar.

Öncədən onu da qeyd edim ki, “İnfluencer” sözünün dilimizə ən uyğun tərcüməsini axtardım və məlum oldu ki, bu termin dilimzə “Rəy lideri” kimi tərcümə olunur. Hər halda “İnfluencer” termini daha çox istifadə olunduğuna görə məqalədə bu termini ingliscə olduğu kimi istifadə etmək qərarına gəldim.

Müasir reallıqları nəzərə alsaq, etiraf etməliyik ki, brend haqqında məlumatların yayılması üçün İnfluencer marketinqə böyük ehtiyac var. Lakin, “tanınmış” hesab etdiyimiz birilərinə gedib, onu İnfluencer kimi seçərək yola  çıxmazdan əvvəl nəzərə almalı olduğumuz bir çox məsələlər var.

İnfluencer kimdir?

İnfluencer müəyyən bir insan qruplarına təsir gücü olan insanlardır. Əslində bu yetərincə çətin bir suala çox sadə bir cavabdır. Böyük ölçüdə İnfluencer hər bir insan ola bilər, çünki, hər bir insan müəyyən səviyyədə başqalarına təsir etmək gücünə sahibdir.

Sosial platformalarda İnfluencer müəyyən bir hədəflənmiş izləyici şəbəkəsinə sahib olan və onun danışmağı, bloq aparmağı, tweet yazmağı kimi istənilən yeniləmələri bu şəbəkənin reaksiya göstərməsinə səbəb olan, həmin şəbəkədəki insanların müəyyən hərəkətlər etməsinə əsas ola biləcək insanlardır. İnfluencer bir milyon izləyiciyə də, yüz nəfər izləyiciyə də sahib ola bilər. Önəmli olan məsələ, həmin izləyicilərin bizim biznesimiz üçün nə dərəcədə hədəf müştərilər olmasıdır. Onu da unutmayaq ki, tanınmış brendlər (məsələn Nike) milyonlarla izləyicisi olan istənilən sayda İnfluencer tapıb istifadə edə bilsə də, daha az tanınmış və ya yeni brendlər üçün məsələ daha çətindir, hətta bəzən real deyil.

Mənim fikrimcə, 100 nəfər izləyiciyə güclü təsir gücünə sahib olan bir İnfluencer, milyonlarla izləyicisi olub lakin, həmin izləyicilərin hərəkətlərinə və qərar vermə prosesinə təsir etmək gücü olmayan İnfluencerdən daha effektiv ola bilər.

İnfluencer harda axtaraq və ya haradan tapaq?

Zənnimcə, sosial şəbəkələrdə İnfluencer ovuna çıxmazdan əvvəl ilk baxmalı olduğumuz yer şirkətin əməkdaşlarıdır. Təsəvvür edin, sizin biznesin haradan başlayıb harada bitdiyini ən yaxşı formada bilən əməkdaş İnfluencer kimi nə qədər faydalı ola bilər. Təbii ki, bir çoxlarınız deyə bilərsiz ki, əməkdaş şirkətdən nə dərəcədə razı, motivasiyalı, şirkəti və işini sevən olmalıdır ki, o effektiv İnfluencer ola bilsin? Bu suala mən elə sualla cavab verərdim. İşini və şirkəti sevməyən işçi bizim biznesimizdə niyə qalır ki? Bu isə əslində həmin əməkdaşın yox, menecerin cavab verməli olduğu sualdır.

İnfluencer axtarmaq üşün növbəti yer müştəri bazası ola bilər. Müştəri bazanızda doğrudan da sizin məhsula/xidmətə fanat kimi loyal olan müştərilər varmı? Əgər varsa, deməli, çox faydalı ola biləcək bir İnfluencer namizədiniz var.

İnfluencer axtarışında növbəti məkan isə sosial şəbəkələrdir. Amma burada İnfluencer tapmaq sizdən ciddi araşdırma tələb edən bir iş olacaq. Çünki məkan genişdir- Twitter, Instagram, Facebook, YouTube, Vine, Pinterest, LinkedIn və bloggerlər. Siz onları əslində çox rahat tapa bilərsiz, lakin, seçim cətin olacaq. İnfluencer seçmək istədiyiniz şəxs nə dərəcədə sizin biznesinizin dəyərlərinə uyğun gəlir, onun izləyici şəbəkəsi sizin hədəf auditoriyasına aiddirmi və s. bu kimi sualları cavablandırmaq sizin ilk işiniz olacaq. Əslində mən fərqli tərəfdən başlayardım… Mənə faydalı olacaq İnfluencer avatarı yaradardım. Yəni biznesimin tələb etdiyi bütün xüsusiyyətlərə sahib olan bir avatar. Daha sonra isə bu avatara ən çox uyğun gələn İnfluencer seçərdim.

İkinci yanaşma kimi, ilk növbədə bloggerləri araşdırardım. Səbəbini izah edim. Zənnimcə konkret bir mövzuda araşdırma aparıb, bloq yazan influnecer daha effektiv olardı nəinki, sadəcə tanınmış bir futbolçu, mügənni və ya şoumen olduğuna görə milyonlarla izləyicisi olan şəxslər. Məsələn, avtomobil barəsində olan məsələlərlə bağlı mən hansısa fanatı olduğum bir şəxsin paylaşımından (hərçənd ki, fanatı olduğum kimsə yoxdu) daha çox hamımızın yaxşı tanıdığı Dj Turala daha çox etibar edərdim. Çünki, bu insan bu sahəni özünə peşə kimi seçib, böyük təcrübəsi var, yeniliklərdən xəbərdar olmaq üçün hətta okeanın o tayına sərgilərə qədər gedir, yazacağı mövzunu ətraflı araşdırıb daha sonra yazır. Təbii ki, sizin biznesiniz qida sənayesinə aiddirsə. Dj Tural bu məsələdə çətin ki, sizə uyğun İnfluencer olsun. Siz biznesinizə uyğun olan sahələrdə araşdırma aparıb, bloq yazıları ilə tanınan İnfluencer axtarmalı olacaqsınız. Təbii ki, yenə də arqument gətirə bilrəsiniz ki, axı  Dj Tural öz verilişində avtomobil sahəsinə aidiyyatı olmayan biznesləri reklam edir? Bəli, reklam edir, amma bu o demək deyil ki, mən özümə bank seçəndə Dj Turalın reklam etdiyi bankı seçəcəm. Çünki, həmin şirkətlər Dj Turalı İnfluencer kimi deyil, daha çox dinləyici auditoriyasına sahib olan bir şəxs kimi, reytinqli bir verilişdə reklam yerləşdirmək məqsədilə seçiblər.

İnfluencerlə münasibətləri necə quraq?

Bu yerə qədər İnfluencer axtarıb, tapıb və seçmişiksə uğura daha bir addım qalır-İnfluencerlə düzgün münasibətlər qurulması. Çünki, siz onları nəyəsə məcbur etmək və ya istifadə etmək niyyətində deyilsiniz. Belə olsa siz onlar üçün çox tez maraqsız olacaqsınız. Siz onlarla daha fərqli münasibətlər qurmalı, onlara təkan verməlisiz və bu münasibətlərdə hər şeyin qarşılıqlı olduğuna inandırmalısınız. Çünki, onlar sizin üçün bir iş görürsə, siz də onlar üçün bir şeylər etməlisiniz. Bu pul, məhsulunuz və hətta hədiyyələr ola bilər. Sizin bu kapitalizm dünyasında bir şeyləri vermədən nəsə almaq ehtimalınız sıfıra bərabərdir. İnfluencer sizin üçün vaxtını sərf edirsə, sizin də pulunuzu sərf etməkdən başqa yolunuz yoxdur.  Necə deyərlər, pul kisənizi açıq saxlayın.

Nəticə olaraq İnfluencerdən nə gözləməliyik?

Gözlədiyimiz nəticə əslində böyük ölçüdə qurduğumuz münasibətlərdən asılı olacaq. Yəni, pulumuzun əvəzində gözləntilərimiz yaranacaq. Təbii ki, ən yaxşısı qaydaları əvvəlcədən müəyyən etmək, el dilində desək “şərti şumda kəsmək” olardı. Ancaq bu yolla bilmək olar ki, sizin gözləntiləriniz bəlkə də seçdiyiniz İnfluencer üçün əlçatan deyil. Həm də bu yolla siz İnfluencerin sizi yarı yolda qoyub, gəminizdən hoppanmağının da qarşısını alacaqsız.

Necə deyərlər, Allah bazar versin, bazarda İnfluencer tapılacaq.

MÜƏLLİF
İlqar Hüseynov

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər