“Dövlət investisiyaları çərçivəsində ölkəyə hava proqnozlarını daha dəqiq təqdim etməyə imkan verən, ABŞ istehsalı olan iki dopler radarı gətirilib”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda radarların quraşdırılması işləri aparılır. Bir radar Şamaxıda, digəri Göygöl ərazisində yerləşdiriləcək. Gələn ilin birinci rübündə artıq bu yeni avadanlıqların istifadəyə verilməsi nəzərdə tutulur”.
U.Tağıyeva bildirib ki, avadanlıqlar istifadəyə verilməmişdən əvvəl onlarla işləyən mütəxəssislər üçün bir aylıq təlimlər keçiriləcək. Bu radarlar vasitəsilə hava haqqında məlumatlar gün ərzində daha tez-tez yenilənəcək, məlumatlar daha operativ olacaq.
Departament direktoru qeyd edib ki, radarların radiusu kifayət qədər genişdir.
U.Tağıyeva əlavə edib ki, daha sonra dövlət investisiyası çərçivəsində Şəkidə quraşdırılmsı üçün yeni bir radar alınacaq.
Bu radarlar qonşu ölkələrdən Azərbaycana daxil olan hava kütlələrini daha aydın izləməyə və daha operativ məlumat hazırlamağa imkan verəcək. Radarların quraşdırıldığı ərazilər seçilərkən bu amil də nəzərə alınıb.
U.Tağıyeva deyib ki, radarların alınması prosesi 2023-cü ilədək davam edəcək.
©Trend