Ölkə əhalisində plastik kartlara təlabatın çox olması nağdsız ödənişlərin artmasına səbəb yaradır. Təbii ki, plastik kartlar vasitəsilə ödəniş etməyin bir sıra üstünlükləri var.
İlk növbədə, nağd ödəniş etmək üçün bankomatdan pul çıxardıqda əlavə xidmət haqqı tutulur. Üzərində iri məbləğdə pul saxlamaq təhlükəsizlik baxımından da risklidir. Nağd pul itdikdə, oğurlandıqda onu qaytarmaq çətin olduğu halda, plastik kart itirilsə belə digər şəxslər ondan istifadə edə bilmirlər. Bundan başqa nağdsız ödənişlərin hamısı rəsmi qeydiyyata alınır və bu vəsaiti vergidən yayındırmaq mümkün deyil. Deməli, nağdsız ödənişlərin genişlənməsi dövlət büdcəsinə daxil olmaları da artıra bilər.
1 Mart tarixinə olan statistikaya əsasən bu gün ölkədə Azərbaycan əhalisinin 6 milyondan çox ödəniş kartı var. Bu kartlardan 1 319 ədədi kredit kartları digərləri isə debet kartlarıdır. Həmçinin debet kartlarından 2 447 ədədi sosial kartlar, 1 441 ədədi əmək haqqı kartları, 834 ədədiisə digər kartlara daxildir.
Hazırda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı isə 6838 min ədəd təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 632 min ədəd, yəni 10% çoxdur. debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi isə ötən il ilə müqayisədə 136 mln manat və yaxud 15% artaraq 1 077 mln manat təşkil edib.
2015-ci ilin 1 Mart tarixində Azərbaycanda bankomatların sayı 2 622, POS-terminalların sayı isə 7 7041 ədəd təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatlar 8%, Pos terminallar isə 2 dəfədən çox artıb.
Nağdsız ödənişlərin inkişaf etməsinə baxmayaraq, bəzi obyektlərin hələ də POS terminalla tanış olmadıqlarının şahidi oluruq. Belə ki, ticarət obyektlərinin çoxunda POS terminallar ya ümumiyyətlə yoxdur, yaxud da var ancaq işləmədiklərini söyləyirlər. Sahibkarlar bunu müxtəlif amillərlə əsaslandırmağa çalışsalar da, hər kəsə məlumdur ki, artıq POS terminal quraşdırmayan obyektlərə müraciət edən alıcıların sayı daha azdır.