Ölkədə 2022-2023 payız-qış mövsümünə hazırlıq işləri yekunlaşmaq üzrədir. Bütün infrastruktur obyektlərində mövsümə hazırlıq işləri aparılıb. SOCAR “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən də bu sahədə bir çox tədbirlər görülüb.
Payız-qış mövsümünə hazırlıq, bu sahədə görülən işlərlə bağlı “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevlə müsahibə:
“Bu il payız-qış mövsümündə qazın verilişi ilə bağlı heç bir problem olmayacaq”
– Ruslan bəy, artıq havalar soyumağa başlayıb. “Azəriqaz” İB olaraq bu il payız-qış mövsümünə hansı tədbirlər görülüb?
– Biz, “Azəriqaz” İstehsalat Birliyi olaraq, bütün abonentlərimizi tam əmin edə bilərik ki, mövsümə tam hazırıq və onları keçən payız-qış mövsümündən də daha etibarlı və təhlükəsiz qazla təmin edəcəyik. Mən bunu belə əminliklə ona görə deyirəm, bizim keçən il ərzində hər hansı ərazidə yaranmış problemlər, həm “104” Çağrı Mərkəzinə gəlmiş zənglər, həm ictimaiyyət tərəfindən havanın soyuqluğunun pik hədlərində qeyd olunan məsələlərlə bağlı bütün problemlər bu il payız-qış mövsümü üçün tam həll olunub. Mövsümlə əlaqədar planlar, proqram tam yerinə yetirilib. Ona görə, sizin vasitənizlə bir daha bildirmək istəyirəm ki, bu il payız-qış mövsümündə qazın verilişi ilə bağlı, təminatı ilə bağlı heç bir problem olmayacaq.
“Bu il yeganə mövsümdür ki, “Azəristiliktəchizat”la işlərimizə pozitiv başlamışıq”
– Qışa hazırlıqdan danışarkən, “Azəriqaz”la “Azəristiliktəchizat”ın münasibətləri məsələsinə toxunmaq istərdik. Qurumlar arasında müəyyən problemlər yaşanırdı. Borc məsələsi və s. Hazırda bu sahədə vəziyyət necədir? İki qurum arasında münasibətlər hansı səviyyədədir?
– Bu il yeganə mövsümdür ki, biz “Azəristiliktəchizat”la işlərimizə pozitiv başlamışıq. Bu mövsümdə heç bir problemimiz yoxdur. İndi biz sadəcə “Azəristiliktəchizat”dan tələbatı gözləyirik ki, onlar sifariş versin və biz qazın təminatına başlayaq. Ödənişdə əvvəlki illərə nisbətən çox müsbət irəliləyişlər var və ona görə də “Azəristiliktəchizat” abonentləri ““Azəriqaz” qaz təchizatını dayandırdı” və yaxud hər hansı bir problemlər yarandı mövzusunu eşitməyəcəklər. Artıq biz onlarla qarşılıqlı əlaqədəyik. Əsas da bizim problemimiz nəyə görə yaranırdı? Əvvəldə qeyd etdiyim kimi, ödənişlə bağlı. O problem də, demək olar ki, müəyyən mənada öz həllini tapır. Yəni, çox müsbət irəliləyişlər var. Bu mövsüm heç bir problem yaşanmayacaq.
– Yəni, siz hazırda “Azəristiliktəchizat”ı qazla təmin etmək üçün istilik mövsümünü gözləyirsiniz?
– Biz gözləmirik. 15 noyabr – istilik mövsümünün başlanılması zamanıdır, ancaq havanın temperaturundan asılı olaraq , “Azəristiliktəchizat” əgər bu gün də bizə hər hansı bir qazanxanaya qazın açılışını sifariş versə, biz onun açılışını təmin edərik. “Azəristiliktəchizat”a bu gün də qaz satışını həyata keçiririk. Onların isti su qazanxanaları da var və biz onları bütün il ərzində qazla təmin edirik. Digər qazanxanalarla bağlı sifariş olsa, heç bir problemsiz qazla təmin edəcəyik.
– Ümumiyyətlə, “Azəristiliktəchizat”a il ərzində ortalama hansı həcmdə qaz tədarük olunur?
– “Azəristiliktəchizat”la bizim ümumi qaz dövriyyəmiz, həm isti su qazanxanaları, həm digər qazanxanalar üzrə 200 mln. kubmetrə yaxındır. Proqnoz etdiyimiz rəqəm budur, lakin çox vaxtı bu göstərici proqnozlaşdırılan həcmdən aşağı olur, bu da havanın temperaturundan asılıdır.
– Qazlaşdırma sahəsində hansı işlər aparılır? Bu ilə, gələn ilə, ümumiyyətlə qısamüddətli perspektivdə nə kimi planlar var?
– Qazlaşdırma işləri bizdə daimi gedir. Son üç ildə biz bu işləri “Azəriqaz” İstehsalat Birliyi olaraq öz daxili vəsaitimiz hesabına aparırıq. Ona görə də, bu vəsaitin hesabına bizim plana nə qədər kənd və yaşayış massivini əlavə edə biliriksə, onların qazlaşmasını da aparırıq. Bu il 110 yaşayış massivi üzrə qazlaşma işlərinə ilin əvvəlindən start verdik, artıq onların 80%-də işlər yekunlaşmaq üzrədir. Digərlərində isə işlər aparılır, hər hansı gecikmə olsa da, işlərin tamamlanması növbəti ilə keçirilə bilər. Növbəti il üçün daha geniş proqram var. Bu proqram SOCAR tərəfindən də təsdiq olunduqdan sonra biz ictimaiyyətə məlumat verəcəyik ki, 2023-cü ildə nə qədər ərazinin, yaşayış massivinin qazlaşması nəzərdə tutulur.
– Gələn il qazlaşdırılması nəzərdə tutulan məntəqələrin sayı məlumdur?
– Proqram hələ təsdiq olunmayıb və ona görə də biz bu rəqəmi açıqlamırıq. Ancaq onu qeyd edə bilərəm ki, 2022-ci ildə bu say 110 yaşayış massivi idisə, 2023-cü ildə bu göstərici daha çox olacaq.
– Bəs ucqar, meşəətrafı yaşayış məntəqələri necə?
– Bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə görüşlərimiz olub. Birgə bəyanatlarımız da oldu və burada konkret göstərildi ki, birinci növbədə meşəətrafında olan, meşələrə yaxın olan kəndlərin qazlaşdırılması aparılmalıdır. Buna görə də növbəti ildə ümumi proqramda qazlaşdırılması nəzərdə tutulan yaşayış massivlərinin haradasa 60%-i demək olar ki, meşəətrafına yaxın kəndlərdir.
“Yeni tikililər üçün ən optimal şərait yaratmışıq”
– Yeni tikililərin qazlaşdırılması ilə bağlı vəziyyət hansı yerdədir?
– Yeni tikililər üçün biz ən optimal şərait yaratmışıq. Çünki texniki şərtlər birbaşa ASAN Xidmət mərkəzindən ödənişsiz alınır, keçən ilin ortasında sayğacların pulsuz verilməsi barədə qərar verilib, texniki şərt verilərkən şəbəkənin gücləndirilməsi və digər işlərlə bağlı heç bir şərtlər qoyulmur. Yeni tikililərin qazlaşmasında sadəcə həmin MTK sahibi kimdirsə, MTK üzvləri birlikdə “Azəriqaz”a, ASAN Xidmətə müraciət edə bilər. Yəni, bundan daha sadə mexanizm, mən deyərdim ki, heç bir qaz satışı həyata keçirilən ölkədə yoxdur.
– Qazlaşmamış yeni tikili binaların sayı ilə bağlı statistika var?
– Var. Bugünkü gün bizdə 100-ə yaxın qazlaşmamış yeni tikili bina var. Yenə deyirəm, qazlaşma üçün müvafiq sənədlər var, o sənədlər toplusu təqdim olunmalıdır, əsas da orada Fövqəladə Hallar Nazirliyinin rəyi olmalıdır, o rəy olmadan biz texniki şərt verə bilmirik. Ona görə MTK sahibi, sahibi yoxdursa, həmin binada yaşayan vətəndaşlar bu sənədi əldə etmək üçün Fövqəladə Hallar Nazirliyi ilə danışıq aparmalıdırlar. Həmin rəy binanın texniki göstəricilərini əsaslandıran sənəddir və həmin sənədsiz biz MTK-lara texniki şərt verə bilmirik.
“Bizim üçün bir qiymətin, bir tarifin olması daha rahatdır”
– İnsanları maraqlandıran məsələlərdən biri də istifadə olunan qazın qiyməti məsələsidir. Çoxları, üçpilləli ödəniş sisteminin nə üçün tətbiq olunduğu sualını verir. Bəziləri qeyd edir ki, bu ödəniş sistemi insanların çaşqınlığına səbəb olur. Bəzi insanlar ümumi ortalama tarifin tətbiqinin tərəfdarıdır. Siz özünüz də bu məsələyə bir neçə dəfə toxunmusunuz. Qeyd olunanlarla bağlı bir daha öz fikrinizi bildirib, aydınlıq gətirərdiniz ki, vətəndaşlara bu ödəniş sisteminin tətbiqinin səbəbi tam aydın olsun.
– Açığı, abonentlərdən çox, bizim üçün bir qiymətin, bir tarifin olması daha rahatdır. Lakin, bilirsiniz ki, Prezidentin siyasəti, dövlətimizin siyasəti ondan ibarətdir ki, kommunal xidmətlər sosialyönümlü olmalıdır. Biz tərəfdən də hazırda tətbiq edilən tarif sosialyönümlüdür. Çünki bir-iki otağı olan insanın ödənişi ilə 4-5 otaqlı evi olan insanın ödənişində fərq qoyulsun deyə, bu tarif tətbiq olunub. Biz belə düşünürük. Ümumi saya baxsaq, 1 kubmetr üçün 12 qəpiyi keçməyən abonentlərin sayı 40%-i keçmir. Deməli, bizim 40% abonentimiz, yəni, 1 milyona yaxın abonentimiz aşağı istifadə tarifindən istifadə edə bilirsə, bunun müsbət tərəfini düşünməliyik. Əgər həmin o 40% abonent, biz deyiriksə, orta tarif təyin olunsa, 12 qəpik yox, məsələn, 20 qəpik ödəyəcək, görün həmin o 40% aztəminatlı insanlar hər kubmetr üçün 8 qəpik əlavə ödəniş etməli olacaq. Ona görə, bu gün bu tarif respublikamız üçün, xalqımız üçün ən optimal tarifdir, çünki aztəminatlı insanlarımız, qazdan az istifadə edən, evinin sahəsi az olan insanlar kommunal xidmətlərə daha az vəsait ödəyirlər. O yönümdən çox müsbət praktikadır.
– Ümumiyyətlə, hazırda tariflərin dəyişdirilməsi, artırılması məsələsi aktualdır?
– Yox. Belə bir müraciət yoxdur. Yəni, elə bir mövzu yoxdur.
“Yaxın 5 ildə smart-kart tipli sayğaclardan tam imtina edəcəyik”
– İnsanları maraqlandıran digər məsələ sayğaclarla bağlıdır. Bu sahədə tez-tez verilən suallardan biri, smart-kart tipli sayğacların yenidən mexaniki sayğaclarla əvəz edilməsinin səbəbidir. Mexaniki sayğaclar əvvəl smart-kart tipli sayğaclarla əvəz edildi. Sual da bundan ibarətdir ki, niyə “Azəriqaz” yenidən mexaniki sayğacların quraşdırılmasına başlayıb? Bunun zəruriliyi nədən ibarətdir?
– Bəli, bu mövzu gündəmdən düşmür, əsas səbəbi də ondan ibarətdir ki, biz qazın satışını sayğacla həyata keçiririk, ölçülməsini sayğacla aparırıq və ödənişi sayğac göstəricilərinə görə tələb etdiyimizə görə, abonent üçün bu mövzu həmişə maraqlıdır. Buna görə də, dəfələrlə ictimaiyyətə, abonentlərə məlumat vermək bizim borcumuzdur. Bildirək ki, bizdə smart sayğac olmayıb, bizdə smart-kart tipli sayğaclar olub, bu tip sayğaclar isə oflayn rejimində işləyən qurğulardı. Bu gün həmin qurğulardan, sayğaclardan heç Avropada da istifadə olunmur. Bunlar müəyyən zaman üçün, 2009-2012-ci illər üçün gündəmdə olan qurğular idi. Amma indiki zamanda sistem ya oflayndır, ya da ki, işləyirsə, onlayn rejimdə olmalıdır. Ona görə də biz bu mexaniki sayğacları quraşdıraraq, onların üzərində xüsusi onlayn rejimdə işləyən qurğular quraşdırırıq və onlayn olaraq biz məlumatları onlardan həm götürə bilirik, həm kənardan dayandırılmasını həyata keçirə bilirik. Artıq yeni texniki şərtlə müraciət edən MTK-da bunun tətbiqinə başlamışıq. Məlumat üçün bildirim ki, bugünkü gün şəbəkəmizdə 60 minə yaxın belə sayğac quraşdırılıb. Hələ ki, smart-kart tipli sayğaclardan imtina etməmişik, ancaq zamanla, artıq yaxın 5 ilə smart-kart tipli sayğaclardan, demək olar ki, tam imtina edəcəyik. Yəni ya üzərində smart qurğusu olan mexaniki tipli sayğac və yaxud onlayn rejimdə işləyən sayğaclar mövcud olacaq. Onu da bildirim ki, bizim onlayn rejimdə işləyən sayğaclarımız da var, 10 ədədini biz Bakı şəhərində pilot layihə kimi quraşdırmışıq.
– Onlayn rejimdə işləyən sayğaclar nə ilə fərqlənirlər?
– Həmin sayğaclarda sim kart olacaq, həmin sayğaclar vasitəsilə biz məlumatları kənardan görə biləcəyik, onlar əvvəldən ödənişli və ya sonradan ödənişli kimi də işləyə biləcək. Bu sayğaclar vasitəsilə biz borca görə qazın dayandırılmasını həyata keçirə biləcəyik. O sayğaclarda artıq kart olmayacaq, onlar kartsız işləyək.
“Kim ki bizə mane olmaq istəyir, onu müvafiq qanunvericiliklə cəzalandırırıq”
– Kadr məsələsinə toxunmaq istərdik. Bu sahədə “Azəriqaz”da hansı işlər aparılır. Hansı metodlardan istifadə olunur ki, həm abonentlər razı qalsın, həm də sizin işiniz ləngiməsin və vaxtlı-vaxtında yerinə yetirilsin?
– Bununla bağlı müasir idarəetmə sistemində ən məşhur olan iki metoddan istifadə olunur. Biri, motivasiya vermək üçün – mükafatlandırma, digəri isə cəzalandırma. Bu metodların ikisindən də istifadə edirik. Biz daimi mükafatlandırma ilə bağlı yerlərdə əməkdaşlarla görüşlər keçiririk. Nümunəvi işçilərimizə xüsusi fəxri fərmanlar, hədiyyələr və SOCAR “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyəti çərçivəsində hansı imtiyazlar varsa onlardan istifadə etmək hüququ veririk. Ancaq, bununla yanaşı cəzalandırma metodundan istifadə də paralel gedir. Son 9 ay ərzində 15 işçimizi işdən azad etmişik, 345 işçinin dörddə bir əməkhaqqısı kəsilib, 1000-ə yaxı işçimizə qarşı müxtəlif növ töhmət, şiddətli töhmət və müxtəlif cəzalandırma tədbirləri həyata keçirilib. Bunlar bir-biri ilə paralel olmalıdır. Əlbəttə biz istəməzdik ki öz işçilərimizi cəzalandıraq və yaxud da işdən azad edək. Ancaq əgər biz cəmiyyət qarşısında, bizim abonentlər qarşısında özümüz üçün təhlükəsiz və keyfiyyətli qaz təminatını, o cümlədən də, müştəri məmnuniyyətinin qorunmasını hədəf qoymuşuqsa, bütün vasitələrdən istifadə etməliyik. Kim ki bu hədəfə çatmaq üçün bizə kömək olmaq istəyir, bizə qoşulur. Biz əlbəttə onu motivasiya edirik, mükafatlandırırıq, kim ki bizə mane olmaq istəyir, onu da müvafiq qanunvericilik vasitəsi ilə cəzalandırırıq.
– Siz bu yaxınlarda bildirmişdiniz ki, 300-dən artıq qazpaylayıcı stansiya (QPS) SOCAR-ın “Qaz-İxrac” İdarəsinin tabeçiliyindən “Azəriqaz”ın tabeçiliyinə verilir. Bu kontekstdə də işçilərin yerləşdirilməsi məsələsinə toxunmuşdunuz. Hazırda bu məsələ nə yerdədir?
– Orada hər hansı bir ixtisar, hər hansı bir dəyişiklik baş vermir, sadəcə 385 QPS birbaşa “Qaz-İxrac” İdarəsinin idarəetməsindən “Azəriqaz” İstehsalat Birliyinin idarəetməsinə keçir.
– QPS-lərin sizin tabeçiliyinizə verilməsinin məqsədi nədir?
– Bu yenə də operativliyi artırmaq uçun aparılan bir şeydir. Bilirsiniz ki, qazpaylayıcı stansiyalarda rejimlərin verilməsi, qaz dayanmaları və proseslərin həyata keçirilməsi üçün biz SOCAR daxili, SOCAR ailəsinin idarələri olsaq da öz aramızda müəyyən yazışmalar ilə bunu həyata keçirirdik. Çünki bu, təhlükəsizlik qaydalarına, qazdan istifadə qaydalarına uyğun olaraq belə olmalıdır. Ona görə də bu bir az operativliyi azaldırdı. Ancaq bu proseslərdən sonra daha operativ olacaq, çünki bununla bağlı verilən qərarlar, qaz tənzimləmələri ilə bağlı, o cümlədən, rejimlərin dəyişməsi ilə verilən qərarlar daha operativ olacaq, bu da sonda abonentin xeyrinə, abonentin qazla təminatının daha keyfiyyətli olmasına gətirib çıxardacaq.
– Təhvil-təslim prosesi başa çatıb?
– Oktyabrın 1-dən artıq başlamışıq. İlin sonuna kimi təhvil-təslim tam başa çatacaq.
“Hava şəraitinə görə, bu ay keçən ilə nisbətən 50%-ə yaxın az qaz götürürük”
– Ölkəmizdə abonentlərin sayı ildən-ilə artır və öz növbəsində bu qazın istehlakına da təsir göstərir. “Azəriqaz” abonentləri üzrə istehlak hər il təqribən neçə faiz artır? Qazın istehlakı üzrə proqnoz göstərici açıqlaya bilərsiniz?
– Hər il, ümumi götürdükdə, 5-10% artım olur. Maksimum 10% olur. Bu il biz 8 mlrd. kubmetrə yaxın qaz həcmi gözləyirik, yəni ilin sonuna kimi. Amma bu il oktyabr ayı tam fərqli oldu. Oktyabr ayının yarısını artıq geridə qoymuşuq. Bu ay keçən ilə nisbətən 50%-ə yaxın az qaz götürürük, bu da hava şəraiti ilə bağlıdır. Temperatur fərqini müqayisə edirik. Keçən ilin oktyabr ayı ilə müqayisədə bu il 7-8 dərəcə fərq var. Bu da əlbəttə ki, qaz həcminə təsir göstərir. Bu ayın ilk 15 günündə təkcə əhali xətləri üzrə keçən ilə nisbətən 80 mln. kubmetr az qaz qəbul etmişik.
– Qlobal qaz bazarlarında baş verən proseslərdən yəqin ki məlumatlısınız. Qiymətlərin artımı fonunda hamı səmərəlilikdən, qazın qənaətlə istifadə edilməsindən danışır. “Azəriqaz” tərəfindən səmərəliliyin artırılması, qaz itkilərinin azaldılması sahəsində nə kimi işlər aparılır? Hansı hədəflər qoyulub və planlar müəyyən edilib?
– Ümumiyyətlə “Azəriqaz” İstehsalat Birliyinin əsas iqtisadi göstəricilərinə baxırıq. O rəqəmlər nədən formalaşır, qazın satışı və qazın itkisi, yəni bu rəqəm bizdə əsas rol oynayır. Qazın satışını artırmaq, ö cümlədən itkiləri azaltmaq, bu, bizim qarşımızda olan ən böyük hədəfdir. Bu ilin sonuna itkini 6%-in altında gözləyirik, 2023-cü ilə isə hədəfimiz 5%-di. Bu gün biz beynəlxalq qazpaylanma sistemində beynəlxalq təcrübəyə baxsaq qəbul olunan rəqəm 4% ətrafındadır. Biz də 2023-cü ildə 5%-i hədəf kimi götürmüşük. Ötən il itki üzrə göstərici 7% səviyyəsində olub.
“Bakı və Abşeronda SCADA sisteminin yaradılması yaxın gələcəkdə gözlənilir”
– Qazpaylayıcı sistemin müasirləşdirilməsi və ağıllı idarə olunması sahəsində hansı işlər aparılır və aparılması nəzərdə tutulub?
– Biz Bakı və Abşeron üçün layihə işləmişik. Bu layihəyə SCADA sisteminin, mərkəzi dispetçer sisteminin, dairəvi sistemin, üç pilləli təzyiq sisteminin qurulmasını əhatə edir. SOCAR-ın 2035-ci ilə qədər strateji yol xəritəsi hazırlanıb, həmin yol xəritəsində Bakı və Abşeron üzrə qeyd olunan sistemlər illər üzrə qrafikdə nəzərdə tutulub. Bununla bağlı işin nə vaxta başlayacağını biz gözləyirik. Bizim bunun uçun əlimizdə hazır layihəmiz var. Çünki bunu etmək vacibdir. Bu gün biz hər hansı bir ərazidə qazın təzyiqinin aşağı olması barədə məlumatı çox vaxtı abonentlərin “104” Qaynar Xəttinə zəngi və yaxud sosial şəbəkələr vasitəsilə əldə edə bilirik. Ancaq SCADA sistemi olduqda biz hər hansı bir ərazidə qazın təzyiqinin düşməsini artıq kənardan görə biləcəyik. Yəni, bu, abonentin zəngi, abonentin şikayətindən sonra olmayacaq. Bu vacibdir, bunun üzərində işləyirik. SCADA sisteminin, mərkəzi dispetçer sisteminin yaradılması yaxın gələcəkdə gözlənilir.
– Belə sistemlərin yaradılması təqribən nə qədər vaxt apara bilər?
– Bakı şəhərində bu sistemlərin hansınısa qurmaq, bilirsiniz ki, çox çətindir. Bakı şəhərində həyat davam edir, həyat davam edən bir şəhərdə də belə işləri görmək üçün nə qədər tədbirlər görülməlidir. Ona görə də, bu ancaq proqram üzrə aparılmalıdır, bu proqram da 15 illikdir.
– Bütün bu işlər nə qədər vəsait tələb edə bilər?
– Layihəyə start verilsə, bazara uyğun olaraq onun smetası çıxarılacaq və ondan sonra da o rəqəm bilinəcək. Burada bir məsələ də var, layihə 5 il bundan qabaq hazırlanıb, 5 il bundan qabaq metalın qiyməti, avadanlıqların qiyməti başqa idi, indi isə tam başqadır.