25 C
Baku
Saturday, July 27, 2024

Hazırlıq başladı: İranlı turistlər Bakiya axışacaq

İranın “Aysan Pərvaz” turizm şirkətinin təşkilatçılığı ilə Tehranda Azərbaycanın turizm potensialına dair təqdimat keçirilib.

Təqdimatda İranın 350-dən artıq turizm təşkilatının rəhbəri və nümayəndələri, həmçinin “ATA Airlines” və “Mahan Airlines” hava nəqliyyatı şirkətlərinin rəhbərləri iştirak edib.

Tədbirdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə, eyni zamanda, Tacikistanın, Özbəkistanın və Türkmənistanın Tehrandakı səfirləri iştirak ediblər.

İrandakı səfirimiz Bünyad Hüseynov çıxış edərək Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verib.

Qeyd olunub ki, Azərbaycandakı iqtisadi inkişaf və dayanıqlı ictimai-siyasi sabitlik turistlər üçün cəlbedicidir. Son illər Bakı beynəlxalq səviyyəli tədbirlərin həyata keçirildiyi məkana çevrilib. Ölkəmizin paytaxtında reallaşan “Euroviziya” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula-1 yarışlarının Bakı Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları və başqa tədbirlər Bakıya gələn qonaqlarda xoş təəssürat yaradır.

Səfir Azərbaycan Prezidentinin turizm sənayesinin inkişaf etdirilməsi üçün həyata keçirdiyi islahatlardan danışaraq viza rüsumlarının endirilməsi, “ASAN viza” və “tax free” sistemlərinin yaradılması, Bakı Şopinq Festivalının keçirilməsi haqqında ətraflı məlumat verib.

İştirakçıların diqqətinə “ASAN viza” sisteminin təbliğat videosunun fars dilinə tərcümə edilmiş variantı təqdim olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycana səfər etmək istəyən İran vətəndaşları elektron viza xidmətindən istifadə edə bilərlər.

Diplomat Naftalan və Qalaaltı müalicə kurort sanatoriyaları, həmçinin Naxçıvandakı Duz Dağı Fizioterapiya Mərkəzi haqqında da məlumat verib. Bildirib ki, Naftalan nefti, Qalaaltı suyu və Naxçıvandakı duz şaxtası unikal müalicəvi əhəmiyyətə malikdir.

Bünyad Hüseynov iyun ayında Bakıda Formula-1 yarışlarının növbəti mərhələsinin keçiriləcəyini xatırladaraq tədbir iştirakçılarını bu yarışları izləmək üçün Bakıya dəvət edib.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, hər iki ölkənin prezidentlərinin siyası iradəsi ilə iki qonşu və dost dövlət arasındakı əlaqələr özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Digər sahələrdə olduğu kimi, turizm sahəsində də dövlətlər arasında yaxşı əlaqələr qurulub.

Azərbaycanın inkişafından danışan diplomat turizm sahəsində böyük işlərin görüldüyünü qeyd edib.

Nəzərə çatdırılıb ki, Xəzər dənizi sahilində yerləşən Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Burada yeni və müasir standartlara cavab verən otellərdə, xidmət və iaşə obyektlərində qonaqlara yüksək səviyyədə xidmət göstərilir.

İran ilə Azərbaycan xalqlarının milli xüsusiyyətlərinin oxşar olmasını vurğulayan səfir deyib ki, bu səbəbdən də Bakıya səfər edən iranlı turistlər heç nədən narazı qalmır.

Bakıdan başqa Azərbaycanın Gəncə, Qəbələ, Quba kimi gözəl məkanlarının olması da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Konfransda Azərbaycanın və İranın Turizm assosiasiyalarının sədrləri və başqaları çıxış edərək turizm sənayesinin inkişafı və faydaları haqqında danışıblar.

Sonda Azərbaycan istiqamətində turların təşkilində xüsusi fəallıq göstərən İran şirkətlərinin və Azərbaycanda İranlı turistlərin məmnuniyyətini qazanmış otel və agentliklərin nümayəndələrinə hədiyyələr təqdim olundu.

Mərasim mədəni proqramla davam edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər