7 C
Baku
Thursday, February 29, 2024

«Heç bir dəyişiklik bizə fantastika kimi görünməməlidir»

Qarşıladığımız 2023-cü ildən nələr gözləyə bilərik? İqtisadi cəhətdən necə bir il olacaq? Bu gün Banker.az-da Qonağımız iqtisadçı-ekspert Elman Sadıqovdur.

– Elman müəllim, 2023-cü ilə qədəm qoyduq. 2023-cü ildən nələr gözləyirsiniz?

2023 ölkəmizdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunacaq və bu münasibətlə 2023 Heydər Əliyev ilidir. Qardaş Türkiyədə Cümhuriyyətinin 100 illiyidir. Türkiyədə Prezident seçkiləridir. Bu seçkinin nəticəsi təkcə qardaş Türkiyənin deyil, regionumuzun, Yaxın Şərqin, Rusiya-Ukrayna müharibəsi daxil bir çox qlobal məsələlərin gedişatına və nəticələrinə ciddi təsir göstərəcək. Qafqaza nəhayət dayanıqlı sülh gəlməlidir və bu sülh müqaviləsinin məhz 2023-cü ildə imzalanması məqsədəuyğundur, vacibdir. 2023 Azərbaycanın sözün hər mənasında mövqelərini möhkəmlədəcəyi bir il olacaq. Təəssüf ki, Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatması ehtimalı az olsa da, hansı ayında imzalanacağından asılı olmayaraq heç olmasa 2023-cü ildə atəşkəsin elan olunmasını arzu edirəm. Ehtimal az olsa da. 2023 ən çox İran adı eşidəcəyimiz bir il olacaq. Bir də, 2023-cü ildə Fransa Prezidentinin istefasını gözləyirəm. Hadisələrin gedişatı bu ehtimalı getdikcə qüvvətləndirir.

– Keçək iqtisadiyyata. Elman müəllim, üzən yoxsa sabit məzənnə?

Maliyyə bazarlarının inkişaf etdiyi, ixracın diversifikasiyasının yüksək olduğu iqtisadiyyatlarda üzən məzənnə, bizim iqtisadiyyatda hələlik sabit kurs.

– Amma üzən məzənnəyə keçid olmalı idi deyirlər..

Strateji Yol Xəritələrində üzən məzənnəyə keçid qeyd olunurdu. Amma, orada əsas məsələlərdən biri ixracın diversifikasiyası məsələsi idi. İxracın diversifikasiyasına nail olmadan üzən məzənnə iqtisadiyyatı alt-üst edər.

– Siz bu fikri bir dəfə də səsləndirmisiniz. Lütfən, bir az açın.

20 ildən çox bank sektorunda, 10 ilə yaxın birbaşa beynəlxalq valyuta və ticarət əməliyyatları, Forex əməliyyatları və sair içində olmuşam. 20-yə yaxın ölkənin iqtisadiyyatını dərindən araşdırmışam. 11 ölkənin iqtisadiyyatının çökməsinə səbəb olan devalvasiyaların köklərini, səbəbləri, buraxılan səhvləri araşdırmışam. Qısa deyim. Əgər bir ölkənin ixracının 70%-dən çoxunu 1 əmtəə təşkil edirsə, həmin ölkənin valyutası həmin 1 əmtəənin qiymətindən asılıdır. Həmin əmtəənin qiymətindəki hər 1 dollar dəyişiklik həmin valyutaya təsir edir. Hər 10 dollar dəyişiklik isə həmin valyutaya qarşı (xarici və daxili) spekulyantların hücumlarını şərtləndirir. Bu bazarın incəliklərini bilmək kifayətdir ki, azacıq zəifləmiş valyutaya qurdların hücumunu dərk və ehtimal edə biləsən. Bazarı daha yaxşı bilən maliyyəçi-spekulyantlar əhalinin əlindən o dollarları elə yığarlar, dövlətin valyuta ehtiyatlarını elə 0-a çəkərlər ki, bunu hiss edib müəyyən etməyə, qərar qəbul etməyə vaxt olmaz. Çünki manatın kursu spekulyantlar üçün həm həssas olacaq, həm asan şəkildə proqnozlaşdırıla bilən olar, həm də həcm böyük olmadığı üçün spekulyasiyalara tab gətirməz. Bizim strateji valyuta ehtiyatlarımız trilyonlarla dollar deyil, cəmi 50 milyard dollardır. Türkiyənin 129 milyard dollarını bir neçə aya əridə bildilər… Bunlar sözdə deyilməsi asan, iqtisadi və maliyyə dünyasının sərt və acı reallıqları dərk edildikcə nə qədər təhlükəli olduğu anlaşılan məsələlərdir.

– Belə çıxır ki, dolların manata pərçimlənməsi yeganə yoldur.

Xeyr. Nəzarət altında yumşaq devalvasiya 3-cü yoldur. Bunun da öz şərtləri var.

– Maraqlıdır.

Belə deyək. Bir ölkənin valyutası 2 halda devalvasiyayaya uğrayır. Ya məcburən (tədiyə və ticarət balansları mənfi saldoda olur və ölkə valyutaya olan tələbini ödəmək üçün ya valyuta ehtiyatlarını xərcləmək istəmir, ya da valyuta ehtiyatları tükəndiyi üçün xərcləyə bilmir), ya da könüllü olaraq intervensiya yolu ilə. Məsələn, Çin, Yaponiya, hərdən Avropa İttifaqı və sair. Yəni, ixracını dəstəkləmək, (rəqabət qabiliyyətini artırmaq məqsədilə) məhsullarının qiymətlərini ucuzladıb daha çox satmaq, ixrac etmək, iqtisadiyyatlarını genişlətmək üçün. Biz hal-hazırda devalvasiyaya getməyə məcburuq? Xeyr. Əksinə, üzən məzənnə olsaydı, dolların kursu 2022-ci ildə təxminən 1.30 manata qədər düşərdi. Könüllü olaraq devalvasiyaya getmək səbəbləri var? Təəssüf ki, yoxdur. Çünki, bizim qeyri-neft ixracımız manatın devalvasiyasına müsbət reaksiya verə bilmir, ciddi müsbət korelyasiya yaranmır. Müəyyən korelyasiya var. Amma bu korelyasiyanın faydaları devalvasiyanın zərərlərini örtə, kompensasiya edə bilmir. Zərərlər daha çox olur. Bu məsələlər araşdırılmalı, təhlil olunmalı, bu korelyasiyanı yaradan amillər təmin olunduqdan sonra yumşaq devalvasiya haqqında düşünmək olar. Növbəti bir neçə il ərzində biz bu məsələni həll etməyə məcburuq.

– Niyə? Axı neft qiymətləri yüksək olduqca devalvasiya vacib olmayacaq..

Qeyd etdiklərim məsələnin bir tərəfi idi. İqtisadiyyat bu qədər sadə və birtərəfli olsaydı onda dünyada rifah içində olan ölkələrin ümumi ölkələrin sayına nisbəti 20% deyil, 80% olardı. Məsələnin digər tərəfi var. Uzun müddət sabit kurs yerli valyutanın dollar qarşısında yenə dəyər qazanması, bahalanması deməkdir. Əslində isə infliyasiya yerli valyutanı ilbəil dəyərsizləşdirir. Əmtəə və xidmət qarşısında ucuzlaşan yerli valyuta dollar qarşısında sabit qalmaqla əslində dolları da həmin inflyasiyaya məruz qoyur, dollar ucuzlaşır. Ölkənin ixrac etdiyi məhsulun qiyməti qalxır. Xidmət sektorunda da gələn turistlər üçün dolların dəyəri ucuz olur. Yenə ixrac, turizm cəlbediciliyini itirməyə başlayır. İdxal isə cəlbediciliyini artırmağa başlayır. Bu isə müəyyən həddə qədər davam edə bilər. Nəticə etibarilə, hazırda devalvasiya üçün uyğun bir zaman deyil. Biz qeyri-neft sektorunda istehsalı və ixracı artırmaqla, turizmi genişləndirib valyuta daxilolmalarının diversifikasiyasını təmin etdikdən sonra yumşaq devalvasiya haqqında fikirləşməliyik. Hazırda isə devalvasiya real deyil, haqqında danışıb devalvasiya olacaq deyərək gözlənti yaratmaq isə devalvasiyanın özündən daha təhlükəlidir. Devalvasiya haqqında düşünməmək və bütün diqqət və enerjini inflyasiyanı cilovlamağa yönəltmək 2023-cü ilin əsas vəzifələrindən biri olacaq. Burada isə inflyasiyanı təkcə pul kütləsinin tənzimlənməsi (daha doğrusu boğulması) yolu ilə cilovlamaq bizə iqtisadi sahələrdə yeni problemlər formalaşdıra bilər. Burada çox incə və ehtiyatlı siyasət yürüdüləcəyinə ümid edirəm.

– Devalvasiya ilə bağlı müxtəlif yanaşma və fikirlərə aydınlıq gətirdiyiniz üçün təşəkkür edirəm. 2023-cü il ölkə iqtisadiyyatımıza hansı yeniliklər gətirəcək?

2022-ci ildə bağlanan qaz müqavilələrini 2021-ci ildə proqnozlaşdırmaq mümkün idi? Xeyr. 2023-cü ildə də logistika, turizm sahələrində düşündüyümüzdən də daha ciddi irəliləyişlər gözləyirik. 2023-cü ildə hərb sənayesində Azərbaycan irəliyə doğru 1 deyil, bir neçə iri addım atacaq. İstehsal və emal sahələrində ciddi irəliləyiş və nəticələrə ehtiyac var. Burada psixoloji amillər daha çox yer tutur.

– Məsələn…

Hər bir xalqın bir və ya bir neçə istiqamətdə istedadı olur. Məsələn, xalq var istehsalda, xalq var xidmət sektorunda, xalq var maliyyə əməliyyatlarında, xalq var ticarətdə. Bizim qanımız, xəmirimiz ticarətlə yoğrulub. Amma indiki dövr ticarət dövrünün bitdiyi dövrdür. İndi xidmət, yüksək texnologiyalar, istehsal, emal dövrüdür. İstehsal və emal isə investisiya tutumludur və uzunmüddətli investisiyalar tələb edir. Biz isə ticarət adamı kimi öyrəşmişik ki, bu gün 1 qoyaq, sabah 1.5-2 götürək. Vurğulamaq istəyirəm ki, ticarət və istehsal üçün tələb olunan biznes mühitləri də fərqlidir. Həm istehsal, qablaşdırma sahəsində təcrübə və keçmişimizin olmaması, həm də ticarət psixologiyası bizə istehsal və emalı inkişaf etdirməyə mane olur. Əlbəttə, digər amillər də var. İnam indeksi, gözləntilər və sair. Qarabağ İqtisadi Rayonu üçün ciddi güzəştlər paketi təqdim olunub. Təqdirəlayiqdir. Düşünürəm ki, iş adamlarımız və dövlət bu məsələlərdə güclü bir sinerji quraraq qısa müddətdə istehsal və emalın genişlənməsinə nail olacaq.

– Müsahibələrinizin birində belə bir fikir səsləndirmişdiniz ki, “aylarla üzərində çalışdığım, hesabladığım bəzi proqnozlarımı ilk baxışda fantastikaya bənzədiyi üçün doğruluq ehtimalı çox olsa da, səsləndirməməyi yanlış olaraq daha məqbul hesab etmişəm. Amma yanlış olaraq. Çünki, həyatda gerçəkləşən hadisələr öncə fantastika kimi görünənlərdən ya daha xoş, ya da daha betər olur”. Fantastika kimi görünən proqnozlarınız olub? Bu fikrə gəlməyinizin əsas səbəbləri nədir?

(kiçik bir pauzadan sonra suala cavab verir). Proqnoz data analitikanın ayrılmaz hissəsidir. Əlinizdə olan məlumatları emal etməklə, modelləşdirməklə, çarpaz yoxlamalarla və sair proseslərlə Siz müəyyən proqnozları, hadisələrin növbəti gedişini görə bilirsiniz. Yeri gəlmişkən, bir də var falçılıq etmək, atdı tutdu etmək. Bunlar fərqli məsələlərdir. Bəzən aylarla hesablayırsan, araşdırırsan, təhlillər edirsən, elə nəticələr əldə edirsən ki, bunları deməsəm daha yaxşıdır qərarı verirsən. 2 hadisəni qeyd etməklə fikirlərimi daha aydın ifadə edərəm. Birincisi hadisə. 2011-ci ildə özümə sual verdim. Neft istehsalımız bundan sonra düşməyə başlayacaq. Aydındır. Bəs qiymətlər nə vaxtdan düşə bilər? Bu suala cavabı düz 2 aya tapdım. Bu cavabı işlədiyim yerdə yazdığım 3 illik strateji planda əks etdirdim. 2014-cü ilin ortalarında neftin qiyməti 60 dolların altına düşəcək və tədiyə balansında yaranacaq mənfi saldo devalvasiyanı qaçılmaz edəcək yazmışdım. 3 il diqqətdən kənarda qaldı. 2014-cü ilin sonlarında həmin təsdiq olunmuş strateji plan yenidən oxunanda hamı çox təəccüblənmişdi. Proqnozlar tam üst-üstə düşmüşdü. Digər ikinci hadisə. 2013-cü ildə həyat sığortasına yazılırdıq. Geniş iclas idi. Mən dollarla yazılmaqda israr edirdim. O vaxt yalnız manatla idi. Dedilər, nə fərqi var. Kurs stabildir. İş yoldaşlarımdan biri soruşdu ki, Siz doğrudan inanırsınız ki, 2016-da, yəni 3 il sonra dollar 80 qəpikdən baha olacaq? Mən də cavab vermişdim ki, 2016-cı ildə dollar 1.5 manatdan ucuz olsa sevinərəm. (gülümsəyir). İş yoldaşımın cavabı maraqlı olmuşdu. Demişdi ki, Elman müəllim, biz Sizi çox ciddi qəbul edirik, amma Siz belə bir məsələdə fantastik zarafat edirsiniz… Hər iki hadisədən çıxarılacaq çox önəmli nəticələr var. Doğrudan da, baş verəcək bir çox hadisələr öncədən insana fantastika kimi gəlir. İstər müsbət proqnoz olsun, istərsə də mənfi. Heç bir dəyişiklik bizə fantastika kimi görünməməlidir. Əksinə, biz ən böyük dəyişikliklərə həmişə hazır olmayılıq. Əmin olaq ki, 2023-cü il də çox ciddi və böyük dəyişikliklərin olacağı il kimi tariximizə düşəcək.

– Dəyişikliklərə hazır olmalıyıq dediniz. Hansı dəyişikliklərə?

Bu ayrıca geniş mövzudur. Əslində ölkə Prezidenti Yeni İl müraciətində bir çoxunun anonsunu verdi. Mən əmək bazarı sahəsində olan bir mütəxəssis kimi bircə dəyişiklik məsələsinə toxunmaq istərdim. Cəmiyyətdə daşlaşmış bir fikir var. Texnologiya, 4-cü Sənaye İnqilabı işsizliyə səbəb olacaq. Bu doğrudan belədir? Tam məşğulluğa (iqtisadçıların yekdil fikirlərinə görə 4-6% işsizlik, Keynesə görə də ortalama 5%-ə qədər işsizlik səviyyəsi) nail olmuş bir neçə ölkənin siyahısına nəzər salaraq (ölkə və işsizlik səviyyəsi %-i) suala cavab tapmağa çalışaq: ABŞ – 3.5%; Almaniya – 3%; Yaponiya – 2.5%; Cənubi Koreya – 2.9%; Tayvan – 3.64%; Honq-Konq – 3.7%; Norveç – 3.2%; BƏƏ – 3.5%.

Demək olar ki, bu ölkələrin hamısında əhali çoxdur, bəzilərində məskunlaşma çox sıxdır, hamısında yüksək texnologiyalar tətbiq olunur. Bu ölkələr 4-cü Sənaye İnqilabını həyata keçirmiş və ya sürətlə keçirməkdə olan ölkələrdir. Deməli yüksək texnologiyaların tətbiqi işsizlik gətirmir. Yüksək texnologiyaların tələblərinə cavab verə bilməmək işsizlik gətirir. Bu səbəbdən biz dəyişiklikdən, hətta fantastika təsiri daşıyan dəyişikliklərdən, yüksək texnologiyaların tətbiqindən qorxmamalıyıq, həmin dəyişiklik və yüksək texnologiyaların tələblərinə cavab verə bilməməkdən qorxmalıyıq.

– Sonuncu sual. Bir dəfə qeyd etmişdiniz ki, əsas məsələ hər hansı sualın düzgün qoyuluşudur. Məni araşdırmalara sövq edən öz qarşımda qoyduğum suallar olub. Doğru sual hərəkətverici qüvvəmdir. Bəs hansısa sual olub ki, onu öz qarşınıza qoymusunuz və cavabını tapmamısınız?

Cavabını bilmək istədiyim o qədər suallar var ki… (fikrə gedir). Amma son aylar məni düşündürən bir sual düşündüyümdən daha dərin və geniş oldu.

Anti-inflyasiya tədbirləri çərçivəsində 2 yol mövcud idi: 1) Güzəştli gömrük rüsumu və 0% ƏDV tətbiq etməklə idxalı artırıb qiymətləri qısamüddətli azaltmaq, bu halda idxaldan kəskin asılılıq, həmin sahədə istehsalın məhv olması və uzunmüddətdə isə kəskin qiymət artımı qaçılmaz olacaq; 2) Proteksionist siyasət yürütməklə daxildə istehsalı genişləndirib, təklifi artırmaqla qiymətləri endirmək. Hökumət faktiki olaraq proteksionist siyasət yürütdü, lakin mövcud istehsal kifayət qədər genişlənmədi (obyektiv və subyektiv səbəbləri var əlbəttə), yeni istehsal müəssisələri yaranmadı. Əslində nəzəri olaraq məhsulun təklifi artmalı və nəticədə qiymətlər enməli idi. Nə üçün bu 2-ci yol hələ də lazımi effekti vermir? Bu sualın cavabı bundan sonrakı mərhələdə istehsal və emalın inkişaf istiqamət və sürətinin müəyyənləşdirilməsinə yardımçı olacaq. Bu sualın cavabı həm də 1-ci yolun hansı məhsullar üçün ola biləcəyi, hansı dividendlər gətirə biləcəyini ortaya çıxaracaq.

Elman müəllim, maraqlı və bir çox məqamlara aydınlıq gətirən müsahibəyə görə təşəkkür edirik.

Mən də Sizə maraqlı və bəzi gözlənilməz suallara görə təşəkkür edirəm.

 

Son xəbərlər
Digər xəbərlər