9 C
Baku
Monday, December 23, 2024

Hec fondlar və “long/short” strategiyası

Müəllif: müstəqil treyder Rüfət Axundov

1960-ci illərdə dünyada təxminən 200 “hec fond” (ingilis dilində “hedge fund”) var idisə, 2012-ci bu rəqəm minlərlədir. Ötən ilin aprel ayında qeydə alınmış göstəricilərə əsasən dünya hec fondlarının idarə etdikləri vəsait birgə götürüldükdə 2,2 trilyon ABŞ dollarına yaxındır. Bu isə 2012-ci ildə dünyanın 8-ci ən iri iqtisadiyyatı hesab olunan Rusiya dövlətinin ümum daxili məhsulundan 200 milyard daha çoxdur (Əgər beynəlxalq valyuta fondunun Rusiya barəsində 2012-ci il üçün açıqladıqları göstəricilərə inansaq).

Hec fond nədir? Sadə formada ifadə etsək, hec fondlar şəxsi və aktiv idarə olunan investisiya fondlarıdır.

İnvestorlar bir araya gələrək fonda yatırım edirlər, fondun rəhbərliyi isə fonda yığılan vəsaitlərə, müxtəlif bazarlara, investisiya alətlərinə və strategiyalara yatırım edir. Dövrün sonunda isə (adətən illik dövrün) əldə edilən qazancların təxminən 80 faizi investora, digər 20 faizi isə fondun idarə heyətinə verilir. Yeri gəlmişkən, buna bir çox hallarda “2-20” qaydası da deyirlər.

Bu misalda “2” investor fonda qoşulan gündən etibarən hesablanan ödəmələrə deyilir. İnvestor tərəfindən ödənilən bu 2 faizlik ilkin ödəniş, fondun xərclərini (ofis kirayəsi, kommunal xidmətlər və işçilərə əmək haqqı) kimi xərcləri ödəmək məqsədi ilə alınır. Digər 20 faiz isə, dövrün sonunda fondun eldə etdikləri bütün qazancların 20 faizini nəzərdə tutur. Təbii ki “2-20” qaydası fond rəhbərliyinin istəyinə əsasən “2-30” və ya “2-15” kimi müxtəlif rəqəmlərdən ibarət ola bilər.

Məsələn, bu sənətdə uzun illər yüksək nəticələr əldə etmiş fondlar sonralar 20 faizdən daha çox “gəlir payı” qaydasını irəli sürürlər.

“Hedge” sözü, maliyyə dünyasında arzu olunmaz hadisələrdən qorunmaq mənasını daşıyan bir kəlmə kimi işlədilir. Digər sözlə desək, hec fondlar, bazarın yüksəlməsindən və ya enməsindən asılı olmayaraq qazanc etməyə çalışırlar. Hec fond aləmində bu tip strategiyalardan en qədimi “long/short” strategiyası adlanır. Long/short strategiyasının nə olduğunu araşdırmamışdan əvvəl “long” və “short” əməliyyatlarının nə olduğunu izah etmək istərdim.

 Long, hər hansı bir ticarət məhsuluna verilmiş “alış” əməliyyatına deyilir. Məsələn, əgər biz bu dəqiqə 100 Microsoft səhmi alsaq, deməli biz Microsoft səhmlərində “long” əməliyyat açmış oluruq. Əksinə, əgər biz 100 Microsoft səhmini satmış olsaq, o zaman biz “short” əməliyyatına daxil olmuş oluruq. Long əməliyyatları çox sadədir, insan arzu etdiyi məhsulu seçir və onu alır. Short məsələsi isə bir az daha mürəkkəbdir. Əvvəla ona gora ki, siz, sahib olmadığınız məhsulu sata bilməzsiniz (Əslində həyatdakı bir çox məqam da məhz belədir, əvvəlcə gərək evi, maşını və ya başqa nəyisə alasan ki, sonra da sata biləsən). Səhmləri də bu cürdür (səhmlər üzrə fyuçers və opsionlar kimi derivativləri saymasaq təbii ki). Bu səbəbdən, investor “short” əməliyyatı açmaq istəyən də öz brokeri ilə müəyyən növ müqaviləyə daxil olmuş olur.

Müqaviləyə əsasən, broker sizə, öz hesabından, və ya öz şirkətinin sizin kimi digər müştərilərindən sizin arzu etdiyiniz sayda Microsoft səhmlərini verir. Buna, o səhmlərin “kirayə verilməsi” kimi də baxmaq olar. Çünki müqaviləyə əsasən o səhmləri siz yekunda öz sahibinə qaytarmalı olacaqsınız. Sahib isə dediyim kimi adətən ya brokerin özü, ya da brokerin müştərilərindən hər hansı biridir. Bu məqamda sual yaranır: əldə edilmiş kirayə səhmləri “short” edərək hansı yolla qazanc əldə edilməyə çalışılır? Bunun cavabı çox sadədir. Siz kirayə aldığınız səhmi dərhal bazara çıxarıb satırsınız (bəli, qanuna əsasən kirayə götürülən səhmin satılması mümkündür, “short selling” məhz elə buna deyilir). Daha sonra isə, səhmlərin bazar qiyməti aşağı düşdükdən sonra, siz ilkin mərhələdə satdığınız sayda səhmləri geri alırsınız Məsələn, tutalım ki, hal-hazırda Microsoft 10 dollaradır. Siz 10 ədəd Microsoft səhmi satırsınız. Bu o deməkdir ki, sizin artıq 100 dollar vəsaitiniz var. 1 aydan sonra Microsoft 7 dollara düşür. Siz 7 dollardan 10 ədəd Microsoft alırsınız (yəni 100 dollarınızın 70 dollarını bu əməliyyata xərcləyirsiniz). Daha sonra isə o səhmləri sahibinə qaytarırsınız. Sizə qalan qazanc? (100 – 70 = 30$). Təbii ki, bu misalda komissiya və kirayə haqları kimi xərclər hesablanmayıb, onları da saysaq qazancınız 30 dollardan bir neçə dollar az ola bilər (cüzi fərq). İndi isə short və long əməliyyatlarının nə olduğunu araşdırdıqdan sonra “long/short” strategiyasına nəzər salaq.

43141

Bu strategiyanın ən başlıca cəhəti, investorun, sağlam və sağlam olmayan şirkətləri fərqləndirə bilmək qabiliyyətinə əsaslanır. Başqa sözlə, investor bazarın yüksələcəyini və ya enəcəyini proqnoz etməyə çalışmır. O sadəcə daha sürətlə inkişaf edən şirkətləri, nisbətən zəif şirkətlərdən fərqləndirməyə çalışır. Bu isə bir çox hallarda ümumi bazarın düzgün tərzdə proqnoz edilməsindən daha asan bir işdir. ABŞ səhm bazarında, ümumi bazar dedikdə bir çox hallarda S&P 500 indeksindən danışılır. S&P 500 indeksi, ABŞ-da 500 ən iri şirkət səhminin yer aldığı indeksdir. Bu indeks (yəni ümumi səhm bazarı) yüksələndə indeksdə olan səhmlərin bir çoxu yüksəlməyə başlayır. İndeks enəndə isə, ümumi bazarın ağırlığı hətta ən sağlam səhmləri belə özü ilə aşağıya doğru çəkir. Bu əslində çox məntiqlidir, çünki əgər S&P 500 indeksinə ABŞ iqtisadiyyatının sağlamlıq göstəricisi kimi baxsaq, o zaman təəccübləndirici deyil ki, iqtisadiyyat sektorlarının əksəriyyətində qeyd alınan zəiflik digər sektorlara da öz təsirini göstərəcək. Ən azından cəmiyyətdə hər kəs və hər şey bir birindən müəyyən qədər asılıdır və bir birinə təsir etmə gücünə malikdir. Mövzudan kənara çıxmamaq üçün long/short strategiyasına qayıtmaq istərdim. Biz qeyd etdik ki, bu strategiya sağlam və sağlam olmayan şirkətləri fərqləndirə bilmək qabiliyyətinə əsaslanır. Bunun nə olduğunu məncə ən yaxşı formada 2 misal əsasında izah etmək olar.

Misal 1 (ümumi səhm bazarı yüksəlir)

Tutalım ki S&P 500 indeksi bu dəqiqə 10000 civarındadır. İnvestor, araşdırmaları və analizləri əsasında sağlam hesab etdiyi şirkət seçir və ona long (alış) əməliyyatı verir. Bu şirkətə “A” şirkəti deyək. Buna “hedge” olaraq, investor həm de zəif şirkət səhminə short (satış) əməliyyatı verir. Bu zəif şirkətə isə “B” şirkəti deyək. Hər 2 səhm (long və short), qiymət nöqteyi-nəzərdən bir-birinə yaxın olmalıdır. Yəni əgər alınan səhmin dəyəri 10 dollardısa, satılan səhmin də ümumi dəyəri buna yaxın olmalıdır. İndi isə nəticəyə baxaq. Müəyyən bir dövr ötür, S&P indeksi yüksəlmiş olur. Bu səbəbdən “A” şirkətinin səhmi indi 10 deyil, 14 dollardır. Satılan “B” şirkətinin səhmi isə 10 deyil, 12 dollardır. Hətta zəif hesab olunan B şirkətinin səhmi də yüksəlib, çünki biz qeyd etmişdik ki, ümumi bazar individual səhmlərə təsir etmə gücünə malikdir. Bazar isə yüksəldiyinə görə A və B hər ikisi yüksəlmiş olur. Sadəcə əgər bazar yüksəlirsə və şirkət yaxşı şirkətdirsə, onun səhmi daha sürətlə yüksələcək. İnvestorun bu “long/short” əməliyyatında əldə etdiyi qazanc belədir: (4 – 2 = 2$). Yəni o, long olduğu səhmi 10 dollara alıb 14 dollara satır (4 dollar qazanc). Short verdiyi, yəni satdığı səhmi isə 10 dollara satıb 12 dollara geri aldığına görə 2 dollar itirmiş olur.

Misal 2 (ümumi səhm bazarı enir)

Tutaq ki, S&P 500 indeksi bu dəqiqə 10000 civarındadır. İnvestor öz araşdırmaları və analizləri əsasında sağlam hesab etdiyi şirkət seçir və ona long (alış) əməliyyatı verir (“A” şirkəti).

Buna “hedge” olaraq, investor həm də zəif şirkət səhminə short (satış) əməliyyatı verir (“B” şirkəti). Bu misalda da hər 2 səhm (long və short), qiymət nöqteyi-nəzərdən bir birinə yaxın olmalıdır. Yəni əgər alınan səhmin dəyəri 10 dollardısa, satılan səhmin de ümumi dəyəri buna yaxın olmalıdır. İndi isə nəticəyə baxaq. Müəyyən bir dövr ötür, S&P indeksi enişə məruz qalır.

Bu səbəbdən “A” şirkətinin səhmi indi 10 deyil, 8 dollardır. Satılan “B” şirkətinin səhmi isə 10 deyil, 6 dollardır. Hətta sağlam hesab olunan A şirkətinin səhmi de enib, çünki ümumi bazar individual səhmə təsir etmə gücünə malikdir. Bazar isə endiyinə görə A və B hər ikisi enmiş olur. Sadəcə əgər bazar enirsə və şirkət zəif şirkətdirsə, onun səhmi daha sürətlə enəcək.

İnvestorun bu “long/short” əməliyyatında əldə etdiyi qazanc belədir: (4 – 2 = 2$). Yəni o long olduğu səhmi 10 dollara alıb, 8-ə satır (2 dollar itki). Short verdiyi, yəni satdığı səhmi 10 dollara satıb 6 dollara geri aldığına görə 4 dollar qazanc əldə etmiş olur.

Yuxarıda qeyd etdiyim bu long/short strategiyası hec fondlarda, bazarda nə baş verməsindən asılı olmayaraq qazanc əldə etmək imkanı yaradır, təbii ki əgər o fondun strateqləri yaxşı və pis şirkətləri fərqləndirmək istedadına malikdirsə.

Son xəbərlər
Digər xəbərlər