4 C
Baku
Wednesday, January 14, 2026

Heineken-nin baş icraçı direktoru satışların azalması fonunda vəzifəsindən ayrılır

Dünyanın ən böyük pivə istehsalçılarından biri olan Heineken şirkətinin baş icraçı direktoru Dolf van den Brink altı illik fəaliyyətindən sonra vəzifəsindən gedəcək.

Banker.az-ın xəbərinə görə, van den Brink 31 may 2026-cı ildə rəsmi olaraq postunu tərk edəcək. Bu tarixədək şirkətin direktorlar şurası onun yerinə yeni rəhbər tapmalıdır. İyun ayından etibarən səkkiz ay ərzində van den Brink şirkətdə məsləhətçi kimi fəaliyyətini davam etdirəcək.

Van den Brink Heineken-ə 1998-ci ildə təcrübəçi kimi qoşulub. O, şirkətin baş icraçı direktoru vəzifəsinə 2020-ci ilin ortalarında — Covid-19 pandemiyası və restoranların kütləvi şəkildə bağlanması fonunda təyin olunub. The Wall Street Journal-ın qeyd etdiyinə görə, pandemiyadan sonrakı bərpa cəhdləri çərçivəsində Heineken təxminən 8 000 əməkdaşını işdən azad edib ki, bu da şirkətin ümumi işçi heyətinin təxminən 9%-nə bərabər idi.

Onun rəhbərliyi dövründə Heineken Rusiyada yeddi pivə zavodunu və digər aktivlərini satıb. Şirkət bu proses nəticəsində təxminən 300 milyon avro məbləğində zərər qeydə alıb.

Verilən məlumata görə, Heineken hazırda Şimali və Cənubi Amerikada satışlarla bağlı çətinliklər yaşayır. Buna əsas səbəblər kimi istehlakçıların ehtiyatlı davranışı, ticarət münasibətlərində qeyri-müəyyənlik və inflyasiya təzyiqləri göstərilir.

Reuters əlavə edir ki, pivə istehsalçıları üçün perspektivləri çətinləşdirən digər amillər də mövcuddur. Bunlara yeni rəqiblərin meydana çıxması, xüsusilə gənclər arasında alkoqola münasibətin dəyişməsi, eləcə də arıqlama preparatlarının yayılması daxildir. Bu məhsullar qida və içki satışlarına mənfi təsir göstərə bilər.

Şirkətin yeni rəhbərini 2025-ci ilin oktyabrında açıqlanmış 2030-cu ilə qədər inkişaf strategiyasının icrası gözləyir. Həmin strategiya çərçivəsində Heineken 17 əsas bazarda biznesin inkişafına fokuslanmağı və alkoqolsuz içkilərin çeşidini genişləndirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər