13 C
Baku
Saturday, May 18, 2024

Henri Hovard Holms – “Qətllər qəsri”-nin yaradıcısı

19-cu əsrin sonunda yaşamış Henri Hovard Holms Amerikada məşhurluq qazanmış silsilə qətllər törədicisi idi. Holms manyak qatil idi və uzun illər boyu fırıldaqçılıq ilə məşğul olub. Lakin onun əməllərinin şah əsəri dəhşətli qətllər törətdiyi “Qətllər qəsri”-nin yaradılması olmuşdur.

Holms yalan yolla Çikaqoda daşınmaz əmlak əldə edir və əhalinin dərhal olaraq “Qəsr” adlandırdığı mehmanxana inşa etdirir. Binanın bir hissəsi ticarət məqsədləri üçün istifadə olunurdu. Birinci mərtəbədə aptek və müxtəlif mağazalar, yuxarı mərtəbələrdə isə onun ofisi, pəncərəsiz otaqlı labirintlər, sonu olmayan dəhlizlər, heç bir yerə aparmayan pilləkanlar, yalnız çöl tərəfdən açmaq mümkün olan qapılar var idi. Holms qəsrin tikilməsi zamanı tez-tez ustaları dəyişirdi. Beləliklə də, binanın əsl layihələndirilməsinin necə olduğunu ondan başqa heç kim bilmirdi. Hətta o polisin şübhələrinə tuş gəlmək ehtimalını da heçə endirmişdi.

1380095833

Otelin tikintisi başa çatan kimi Holms dərhal öz cinayətkarlıq əməllərinə başlayır. Holmsun əsas qurbanları oteldə işləyən qadınlar, onların sevgililəri, otelin qonaqları idilər ki, qatil də onları böyük işgəncə verdikdən sonra öldürürdü. Bəzi qurbanlar zəhərli qaz kameralarında boğularaq həlak olmuşdular. Bəziləri isə səskeçirməyən otaqlarda ölümə tərk edilmişdilər. Holms qətlə yetirdiyi şəxslərin cəsədlərini yarır və onları tibb məktəblərinə satırdı. Bu tibb məktəbləri də öz növbəsində əldə etdikləri cəsədlər barədə maraqlanmırdılar. Manyak qatilin arsenalında iki nəhəng soba, turşu çənləri, müxtəlif zəhər şüşələri və s. var idi. 1893-cü ildə Çikaqo yarmarkası zamanı Holms otaqları turistlərə icarəyə vermişdi. Bu zaman 50 turistin yoxa çıxması barədə məlumatlar mövcuddur.

1503227462

Holms öz “qəsr”in-də polis tərəfindən ələ keçirildikdən sonra burada axtarış həyata keçirilir. Qəsrin gözətçisinin bildirdiyinə görə, ona heç vaxt yuxarı mərtəbələri təmizləmək icazəsi verilmirdi. Məhz bu məlumata əsaslanan polis ilk olaraq yuxarı mərtəbələrdə axtarışlara başalyır və burada Holms-un qurbanlarını qətlə yetirmə və onlardan xilas olmaq üsullarını aşkar edir. 1895-ci ilin avqustunda oteldə yanğın baş verir və o tamamilə yararsız vəziyyətə düşür. Tezliklə “qanlı otel”-in yerində ABŞ-ın poçt bölməsi yaradılır. Son olaraq qeyd edək ki, Holms məhkəmədə özünü 27 qətl hadisəsində günahkar hesab etsə də, mütəxəssislər onun qurbanlarının 200-dən çox olduğunu təxmin edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər