10 C
Baku
Thursday, December 12, 2024

Hesabat: ABŞ-ın texnoloji şirkətlərinin gəlirləri artıb

ABŞ-ın bəzi texnoloji şirkətləri 2016-cı ilin 4-cü rübünə aid maliyyə hesabatlarını açıqlayıblar.

“Bloomberg”ə istinadən xəbərə görə, “Microsoft” ötən ilin oktyabr-dekabr aylarında gəlirlərinin və xalis mənfəətinin yüksəldiyini bəyan edib. Belə ki, şirkətin gəliri 2015-ci ilin müvafiq dövrünə nisbətən 1,3% artaraq 24,1 milyard dollar, mənfəəti isə 4% artaraq 5,2 milyard dollar təşkil edib. 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 23,8 milyard dollar və 5 milyard dollar olmuşdu. Rəqəmlər açıqlandıqdan sonra Nyu York birjasında “Microsoft”un səhmlərinin dəyəri 1,2% artımla 65,03 dollara çatıb.

“İntel” şirkəti də 4-cü rübdə gəlirlərinin yüksəldiyini açıqlayıb. 2016-cı ilin oktyabr-dekabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə “İntel”in gəliri 10,1% artaraq 16,4 milyard dollara çatıb, xalis mənfəət isə dəyişməz qalıb. 2015-ci ilin müvafiq dövründə şirkət 14,9 milyard dollar gəlir və 3,6 milyard dollar xalis mənfəət əldə etmişdi. Açıqlamadan sonra “İntel”in səhmlərinin dəyəri əvvəlcə 2,2% artaraq 38,38 dollara çatıb, lakin bir az sonra 2,5% azalaraq 37,40 dollara düşüb.

“Google”un daxil olduğu “Alphabet Holding”in gəlirləri və mənfəəti də artıb. Belə ki, holdinqin 2016-cı ilin 4-cü rübündə gəlirləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,2% artaraq 26,06 milyard dollar, xalis mənfəəti isə 8,3% artaraq 5,33 milyard dollar təşkil edib. 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 21,33 milyard və 4,92 milyard dollar olub.

“Google”un gəliri isə 21,8% artımla 25,80 milyard, xalis mənfəəti 16,9% artımla 7,88 milyard dollara yüksəlib. 2015-ci ildə bu rəqəmlər 21,18 milyard və 6,74 milyard dollar olub. “Google”un reklam gəlirləri də 17,4% artaraq 22,40 milyard dollara çatıb.

Lakin “Alphabet”in göstəriciləri proqnozlaşdırılandan az olduğu üçün holqinqin səhmlərinin dəyəri 3,2% azalaraq 829,52 dollara düşüb.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər