Sürətli texnoloji inkişaf bu inkişafın dəstəklənməsi uçun nanoelektronika, optoelektronika, nüvə fizikası və yüksək enerjilər fizikası sahəsində elmi-fundamental araşdırmaların əhəmiyyətini günbəgün yüksəldir.
Bu barədə Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu apardığı yoxlamalarla bağlı yaydığı açıqlamada bildirilir.
Qurum bəyan edib ki, İnstitut müasir texnologiyaların əsasını təşkil edən yarımkeçiricilər və bərk cisimlər fizikası, nanoelektronika və hesablama sistemləri, elektromaqnit dalğa mənbələri və qəbuledici sistemlər, nüvə fizikası sahəsində tədqiqatlar aparmaqdadır. Hər il dövlət büdcəsindən həmin institutun saxlanılması və elmi tədqiqatların maliyyələşdirilməsi məqsədilə funksional təsnifatın müvafiq köməkçi bölməsindən vəsait nəzərdə tutularaq icra edilir.
Audit prosesində tətbiq edilmiş prosedurlar İnstitutun dövlət vəsaitlərinin icrası vəziyyəti ilə bağlı aşağıdakıları qeyd etmək imkanı verib:
Dövlət büdcəsindən ayrılmış vəsaitlərin icra səviyyəsi yüksək olsa da, il ərzində dövlət vəsaitlərinin maliyyələşmə və icra məbləğləri arasında uyğunsuzluqlar müşahidə edilmiş, xərclərin icrası zamanı 6734,0 manat məbləğində vəsait qüvvədə olan vahid büdcə təsnifatının müəyyən etdiyi iqtisadi təsnifat kodu dəyişdirilməklə icra olunmuş;
Auditin əhatə etdiyi dövrdə çalışanların sayı və vəzifələri təsdiq olunmuş ştat cədvəlinə uyğun olsa da, ixtisas dərəcələrinə düzgün riayət edilməməsi səbəbindən 18045,0 manat, iş davamiyyəti qeydə alınmayan əməkdaşlara 329886,8 manat, yaranmış qənaət hesabına düzgün olmayaraq əlavələrin verilməsi səbəbindən 86592,55 manat, elmi proqram üzrə İnstitutun smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına yalnız əmək funksiyalarını yerinə yetirilən əməkdaşlara təkrar ödəniş aparılması nəticəsində 25800,0 manat məbləğində artıq vəsait ödənilmiş;
Ezamiyyə qaydalarına və xərc normalarına düzgün əməl edilməməsi səbəbindən xarici və ölkədaxili ezamiyyə ilə bağlı vəsaitlərin icrası zamanı 1304,0 manat məbləğində vəsaitin artıq ödənilməsinə yol verilmiş;
Dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar satınalma prosesinin bütün mərhələlərini əhatə etmiş, bir sıra prosedur pozuntuları ilə yanaşı vəsaitlərin satınalma keçirilmədən icra olunmasına yol verilmiş;
Auditin əhatə etdiyi dövrdə həyata keçirilmiş kotirovkalar üzrə hüquqi aktlarla nəzərdə tutulmuş addımlar atılmayaraq müvafiq elanlar rəsmi internet səhifəsində yerləşdirilməmiş, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməməsi səbəbindən 30772,0 manat məbləğində artıq xərcə yol verilmiş;
vəsaitlərin icrası ilə bağlı hesabatlar tam tərtib edilməmiş, maliyyə hesabatlarının tərtibi zamanı təhriflərə yol verilmiş, o cümlədən maliyyə hesabatlarının tərtibi zamanı 01.01.2019-cu il tarixə 216600,3 manat, 01.01.2020-ci il tarixə 259643,9 manat və 31.12.2020-ci il tarixə 272993,9 manat dəyərində “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsi üzrə qeyd olunan qalıq məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsi əvəzinə “Torpaq, tikili və avadanlıqlar və digər uzunmüddətli aktivlər” maddəsində əks etdirilmiş;
Kanalizasiya haqlarının ödənilməsinin faktiki tələbat əsasında deyil, tam məbləğdə ilin əvvəlində vəsaitin plastik kartlara tam köçürülməsi səbəbindən ilin sonuna 8500,0 manat qalıq məbləği formalaşmış;
İnventarizasiya komissiyaları yaradılsa da, nəticələrlə bağlı hesabatlar düzgün tərtib edilməmiş, laboratoriyalarda kimyəvi reaktivlərin 46740,0 manat məbləğində əsassız silgisi aparılmış;
Daxili nəzarət sisteminin nəzarət mühiti yaradılmamış, nəzarət fəaliyyəti qənaətbəxş olmamış, elementləri tam tətbiq edilməmişdir. Əldə edilmiş nəticələr əsasında tövsiyələr tərtib edilmişdir və fikrimizcə, bu tövsiyələrin reallaşdırılması dövlət vəsaitlərinin istifadəsi prosesində risklərin azaldılmasına, vəsaitlərin idarə olunmasında vəzifəli şəxslərin məsuliyyətinin artırılmasına xidmət edəcək. Auditin nəticəsi olaraq, Hesabat tərtib edilənədək İnstitut tərəfindən 104616,0 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilmiș, həmçinin artıq hesablanmıș və kreditor borc kimi uçota alınmıș 387,7 manat məbləğində vəsait müxabirləșmə verilərək azaldılmıș, vakant vəzifələr ixtisar edilmișdir. Auditin nəticələri ilə bağlı məlumat qanunvericiliklə nəzərdə tutulduğu qaydada Milli Məclisə göndərilmiş, hesabat İnstituta, nəticələrlə bağlı məlumat isə AMEA-ya təqdim edilib.
Audit hesabatının AMEA-ya və İnstituta göndərilməsində məqsəd dövlət vəsaitlərin daha effektiv idarə olunması, icrası, mühasibat uçotunun düzgün təşkili, hesabatlılığın artırılması, rasional daxili nəzarət sisteminin qurulması ilə bağlı qərarların qəbul edilməsinə, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə fəaliyyətin təşkil olunmasına dəstək vermək, ştat saylarının optimallaşdırılması ilə bağlı tədbirlərin görülməsinə dəstək verməkdir. Aparılmış auditin nəticələri əsasında vəsaitlərin təyinatdan kənar istifadəsi, maliyyə hesabatlarının düzgün tərtib edilməməsi halları barədə Maliyyə Nazirliyinə məlumat təqdim edilib. Məlumatda magistr pilləsində təhsilin maliyyələşdirilməsi sahəsində vəsaitlərin depozit tapşırıqlar və hesablardan icra edilməsinin, ilin sonuna istifadə edilməmiş vəsaitlərin dövlət büdcəsinə qaytarılmaması ehtimalının mümkünlüyü və AMEA-da ştat saylarının optimallaşdırılması zəruriliyi diqqətə çatdırılıb. Maliyyə Nazirliyinə müraciətin məqsədi vəsaitlərin icrasına cari nəzarətin təşkili, maliyyə hesabatlarının tərtibi ilə bağlı zəruri addımların atılması sahəsində qərarların qəbul olunmasına yardımçı olmaqdır. Malların (işlərin və xidmətlərin) satınalma prosesində vəsaitlərin satınalma keçirilmədən icrası halları ilə bağlı inzibati xətanın müəyyən edilməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib.