16 C
Baku
Tuesday, February 17, 2026

Hesablama Palatası: Azərbaycanda çayçılıq üzrə dövlət proqramı icra olunmur

Azərbaycanda 2018–2027-ci illəri əhatə edən çayçılığın inkişafına dair Dövlət Proqramı üzrə müəyyən edilmiş hədəflər faktiki göstəricilərlə uzlaşmır.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il üzrə “Dövlət auditi” jurnalının 3-cü buraxılışında dərc edilmiş təhlildə bildirilib.

Qeyd olunub ki, Dövlət Proqramına əsasən, çay plantasiyalarının sahəsinin 2027-ci ilə qədər 3 000 hektara, çay yarpağı istehsalının isə 8,5 min tona çatdırılması nəzərdə tutulub.

Vurğulanıb ki, lakin faktiki dinamika müəyyən edilmiş hədəflərdən ciddi şəkildə geri qalır. Belə ki, 2019-cu ildə çay plantasiyalarının sahəsi olmuş 1 100 hektar göstəricisi 2024-cü ildə 900 hektara qədər azalıb. 2026-cı il üçün isə cəmi 975 hektar sahənin hədəflənməsi nəzərdə tutulur ki, bu da əvvəlki illərin səviyyəsindən aşağı qalmaqla proqram üzrə müəyyən edilmiş məqsədlərə uyğun gəlmir.

Bildirilib ki, bu, Dövlət Proqramında nəzərdə tutulmuş 3 000 hektarlıq hədəfdən təxminən dəfə azdır.

Məhsul istehsalı üzrə göstəricilər də hədəflərlə uyğun gəlmir. Təhlilə əsasən, 2026-cı il üçün çay yarpağı istehsalının 1 126 tona çatdırılması planlaşdırılır ki, bu da proqramda müəyyən edilmiş 8 500 tonluq hədəfdən dəfələrlə aşağıdır.

Təhlildə deyilir ki, bəzi hallarda Dövlət Proqramının icrası ilə bağlı vəsait planlaşdırılması ilə nəticə göstəriciləri arasında da əlaqə zəifdir. Məsələn, proqram sənədində çay plantasiyalarının genişləndirilməsi nəzərdə tutulsa da, büdcə planlaşdırmasında bu istiqamət üzrə adekvat artım əks olunmur.

Qeyd edilib ki, mövcud dinamika davam edərsə, 2027-ci il üçün müəyyən edilmiş hədəflərə çatmaq real görünmür. Palata bu sahədə prioritetlərin yenidən qiymətləndirilməsinin və nəticə əsaslı planlaşdırmanın gücləndirilməsinin vacibliyini vurğulayır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər