“2023-cü ilin büdcəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”nın maliyyə təminatı ayrıca göstərilib”.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatası olaraq dövlət büdcəsinin layihəsinin və birlikdə təqdim edilən sənədlərin Strategiyaya uyğunluğunu qiymətləndirməyə çalışıb: “Bəzi faktorlar büdcə layihəsinin Strategiyaya uyğunluğunun qiymətləndirilməsinə təsir edib. Bununla belə, təqdim edilmiş məlumatların analitik prosedurlarla araşdırılması Strategiyanın tədbirlərinin proqnozlarda nəzərə alınması ilə bağlı 2 əsas nəticəyə gəlməyə imkan verir. Birincisi, Strategiyanın tədbirlərinin bir hissəsində əks etdirilən məsələlər makrofiskal göstəricilərin proqnozlarında tam və ya qismən nəzərə alınıb. İkincisi, “Büdcə zərfi”ndə izahedici məlumatların az olması fonunda Strategiyanın tədbirlərinin bir hissəsində əks etdirilən məsələlər fiskal göstəricilərin proqnozlarında önə çıxmayıb, tədbirlərin proqnozlarda nəzərə alınıb-alınmaması ilə bağlı konkret qənaətə gəlmək mümkün olmasa da, dövlət büdcəsinin aidiyyəti xərc istiqamətlərində artım nəzərdə tutulub”.