24 C
Baku
Thursday, July 25, 2024

Hesablama Palatası Beynəlxalq Hava Limanının fəaliyyətində nöqsanlar aşkarlayıb

Azərbaycan Hesablama Palatası Naxçıvan Beynəlxalq Hava Limanı və onun tabeliyində olan “Aeroport Taksi” MMC-də 2023-cü ilin fevralın 15-dən martın 18-dək apardığı yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar edilib.

Audit yoxlamaları 2021-2022-ci illəri əhatə edib.

Əhatə olunan dövrdə hava limanının xərcləri 28 milyon.471 min 323 manat (amortizasiya xərcləri daxil olmaqla), gəlirləri isə 20 milyon 631min 647 manat təşkil edib.

“Naxçıvan Beynəlxalq Hava Limanı təsərrüfat hesablı müəssisəsi ilə özəl şirkətlər arasında hava gəmilərinin enmə-qalxmasının təminatına dair müqavilələr bağlayıb. Müqavilələrin şərtlərinə əməl edilməyərək yerüstü, texniki və kommersiya xidmətləri, aeroport yığımı, təhlükəsizlik yığımları, təyyarənin artıq dayanması, xüsusi təhlükəsizliyi və qorunması və s. xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, ümumilikdə xidmətlərin dəyəri hesablanmayıb və özəl şirkətlərdən alınması təmin edilməyib.

Hava gəmilərinə texniki xidmət, gələn sərnişinlərin təhlükəsizlik yığımı və hava gəmilərinin təhlükəsizlik xidmətinin haqları özəl aviaşirkəti ilə bağlanmış müqavilənin şərtlərinə daxil edilməmiş, nəticədə bu xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, hava limanı tərəfindən ümumilikdə bu xidmətlərin dəyərini təşkil edən 288 min 529 manat məbləğində xidmət haqqının özəl aviaşirkətindən alınması təmin edilməyib.

Bununla yanaşı, hava limanı ilə bir sıra hava yolları şirkətləri arasında bağlanmış müqavilələr üzrə göstərilən xidmətlərin tarifləri (enmə-qalxma, kommersiya xidməti, yerüstü xidmət və aeroport yığımı) arasında fərqlər yaranıb və bunun nəticəsində hava limanının gəlirlərinin azalmasına (bəzi hallarda artmasına) səbəb olub”, – məlumatda deyilir.

Yoxlamanın nəticəcələrinə görə, hava limanının Aerovağzal binasında və Aviakassa binasında fiziki və hüquqi şəxslərə icarəyə verilmiş qeyri-yaşayış sahələri üzrə faktiki icarə sahəsinin az göstərilməsi nəticəsində icarədarlardan vəsait az hesablanaraq alınmayıb.

“Azərbaycan Prezidentinin 06.09.1997-ci il tarixli 629 nömrəli Fərmanının tələbinə əməl edilməyərək dövlət əmlakının icarəyə verilməsində dövr ərzində 59 min 615 manat vəsaitin 50 %-i, yəni 29 min 807 manatı dövlət büdcəsinə ödənilməyib, eyni ilə “Aeroport Taksi” MMC ilə də Fərmanının tələblərinə əməl edilməyərək dövlət əmlakının icarəyə verilməsindən 36.4 min manat icarə haqqının 50 %-i, yəni 18.2 min manat dövlət büdcəsinə ödənilməyib.

Aerovağzalın dayanacaq (parklanma) xidmətindən əldə olunan vəsaitdən, abunə kartlarına görə abunəçilərdən yığılan vəsaitdən, Naxçıvan Beynəlxalq Hava Limanında ödənişli baqaj yükü üzrə xidmətlərdən daxil olan vəsaitdən, “Biznes Sinif Şəxslər” (CİP) xidmətindən istifadə edən sərnişinlərə göstərilən müvafiq xidmətlərdən nağd şəkildə daxil olan vəsaitlərdən, sərnişinlərin baqaj yüklərinin sarğı materialı ilə bağlanmasından daxil olan vəsaitlərdən və Bakı şəhərinə yük göndərənlərdən (1 kq yük üçün mövcud tarifdən 0.15 manat və ya 0.20 manat) baha qiymət tətbiq edilməklə tarifdən artıq nağd pulun alınmasından gələn vəsaitlərdən cuzi məbləğ Hava Limanının bankdakı hesabına ödənilib, qalan vəsait yayındırılaraq hava limanının bankdakı hesablaşma hesabına ödənilməyib. Nəticədə hava limanın gəlirlərinin azalmasına səbəb olub”, – məlumatda deyilir.

Bildirilir ki, audit əhatə etdiyi dövrdə satınalmaların keçirilməsində malsatan və podratçıların iştirakı zamanı onların azad rəqabət hüququnun qorunması, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi və dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq prinsiplərinə hava limanı tərəfindən əməl edilməyib. Hava limanın 2021-ci ildə 92 hüquqi və fiziki şəxslərlə və 2022-ci ildə 91 hüquqi və fiziki şəxslərlə dövlət satınalma metodu tətbiq edilmədən birbaşa müqavilə bağlanılaraq həyata keçirilb ki, bu da hava limanının xərclərinin 36 %-nı təşkil edib.

Hava limanı tərəfindən 2021-2022-ci illərdə alınmış idxal malları üzrə büdcəyə ödənilməli olan 116.3 min manat məbləğində əlavə dəyər vergisi dövlət büdcəsinə deyil, Naxçıvan MR-nın İnkişafı və Müdafiəsi Fonduna köçürülüb. Xarici ölkələrdə CL-605 tipli, bort №-si M-TRBS olan təyyarəyə texniki qulluq mövzusunda təşkil olunan kurslarda və praktiki-təcrübələrdə iştirak etmək üçün xarici ölkələrə ezam edilən hava limanı əməkdaşına artıq ezamiyyə xərcləri çəkilib.

Naxçıvan Beynəlxalq Hava Limanının təmir-tikinti, quraşdırma işlərinə özəl şirkətlərlə bağlanmış müqavilələr üzrə görülən işlər cari bazar qiymətlərinə uyğun müqavilə qiymətləri ilə həyata keçirildiyi halda yerinə yetirilmiş işlərin həcminə 12 % üstəlik xərc, 8 % plan yığımının və nəzərə alına bilməyən xərclərin işlərin həcminə daxil edilməsi nəticəsində artıq dövlət vəsaiti podratçılara ödənilib.

Həmçinin Naxçıvan Beynəlxalq Hava Limanı tərəfindən mal-materialların, avadanlıqların alınması və quraşdırılmasına görə şirktlərlə müqavilələr bağlanılıb. Lakin müqavilələrdə alınan mallar və görülən işlərin cari bazar qiymətlərindən baha qiymətə alınması və bəzən isə müqavilə qiymətlərinə tətbiq olunan əlavələrin edilməsi nəticəsində hava limanın xərclərinin artmasına səbəb olub.

“Mühasibat uçotu haqqında” Qanunun tələblərinə əməl edilməyərək maliyyə-təsərrüfat əməliyyatlarının uçotu 1995-ci ildə Maliyyə Nazirliyinin təsdiq etdiyi Hesablar Planına və uçot qaydalarına aparılmış, mühasibat uçotunun aparılması, mühasibat uçotu sənədlərinin və maliyyə hsabatlarının tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi hazırkı hüquqi aktlara uyğun aparılmayıb.

Mühasibat uçotunun aparılması ilə bağlı hüquqi aktların tələblərinə tam əməl edilməməsi, ayrı-ayrı kreditorlar (işçilərlə, büdcə ilə və sığorta orqanları ilə hesablaşmalar) üzrə araşdırma aparılarkən 2021-ci ildə 780 min 452.76 manat kreditor borcu və eyni zamanda hüquqi və fiziki şəxslərdən mal-materialların alınması, xidmətlərin göstərilməsi, icarə haqlarının ödənilməsi üzrə 2021-ci ildə 517 min 487 manat, 2022-ci ildə 689 min 891 manat debitor borcları uçot registrlərində və maliyyə hesabatlarında əks etdirilməyib.

Hava limanı tərəfindən daxili nəzarətin təşkili vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Hava limanının Əsasnaməsinin müvafiq bəndlərinin tələblərinə əməl edilməyərək struktur bölmələrində mövcud olan ştat vahidlərinin sayı artırılıb, limanın fəaliyyətinin SWOT təhlili aparılmayaraq onun zəif və güclü tərəfləri, təhlükələri və imkanları açıqlanmamış, risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə tədbirlərin görülməsi təmin olumayaraq inkişafına dair təkliflər verilməyib.

Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda hava limanıın yoxlamalarının nəticələri barədə məlumat müvafiq quqmlara göndərilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər