2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərclərinin strukturunda dəyişikliklər gözlənilir.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, büdcənin əsaslı xərclərinin 8,1% azalması, əvəzində cari xərclərinin 7,7%, dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin isə 85,2% artması proqnozlaşdırılır: “Son nəticədə gələn il cari xərclərin büdcə xərclərindəki payı 60 %-ə yüksələcək. Artım tempinin ortamüddətli dövrdə də davam edəcəyi gözlənilir. Hesab edirik ki, bu vəziyyətdə cari xərclərin optimallaşdırılması üçün büdcə-vergi siyasətində dəyişikliklərə baxılması vacibdir”.
Sədr həmçinin bildirib ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti azalmaqda davam edəcək: “Təhlillər göstərir ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti 78,7% olacaq. Müdafiə xərclərinin qeyri-neft-qaz gəlirlərinə nisbəti isə 126,3% təşkil edəcək”.