30 C
Baku
Tuesday, June 28, 2022

Hesablama Palatası dövlət büdcəsinin yerli gəlirlərini təhlil edib

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair müvafiq hesabata əsasən dövlət büdcəsinin yerli gəlirləri 834 538,0 min manat proqnoza qarşı 827 850,0 min manat və ya 99,2% səviyyəsində icra olunub. Bu barədə Hesablama Palatasından məlumat verilib.

Qeyd olunur ki, 2013-2014-cü illərlə müqayisədə hesabat dövründə yerli gəlirlər müvafiq olaraq 109 224,2 min manat və ya 15,2% və 31754,7 min manat və ya 4,0% məbləğində artıb.

2015-ci il ərzində Bakı şəhəri nəzərə alınmadan yerli gəlirlər üzrə müəyyən edilmiş 596 622,0 min manat məbləğində proqnoza uyğun olaraq dövlət büdcəsinə 593 404,5 min manat məbləğində və ya proqnozun 99,5%-i səviyyəsində vəsait daxil olub ki, bu da 2013-cü ilə nisbətən 94 176,7 min manat və ya 18,9%, 2014-cü ilə nisbətən isə 20 963,7 min manat və ya 3,7% çoxdur.

2015-ci ildə rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 746 146,3 min manat maliyyə yardımı ayrılıb ki, bu da 2013-cü illə müqayisədə 47 393,8 min manat və ya 6,0%, 2014-cü illə müqayisədə 82 777,6 min manat və ya 10% azdır. Proqnoz hədəflərdə nəzərdə tutulduğu kimi 2015-ci ilin yekunlarına görə Bakı şəhərindən əlavə Sumqayıt, Şirvan və Mingəçevir şəhərləri, eləcə də Abşeron və İmişli rayonları üzrə yerli xərclərin tam həcmdə yerli gəlirlər hesabına maliyyələşdirilməsi təmin edilib, başqa sözlə yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılmayıb.

Hesabat dövrü üçün təsdiq edilmiş proqnozlar əksər şəhər və rayonlar səviyyəsində əsasən artıqlaması ilə yerinə yetirilib, bir sıra regionlar, o cümlədən Sumqayıt şəhəri üzrə 10,7%, Xaçmaz rayonu üzrə 7,9%, Ağsu rayonu üzrə 5,5%, Lənkəran şəhəri üzrə 3,5%, Ağcabədi rayonu üzrə 5,6%, İmişli rayonu üzrə 1,6%, Şəki şəhəri üzrə 2,9%, Yevlax şəhəri üzrə 4,1% kəsirlə icra olunub. Proqnozların kəsirlə yerinə yetirilməsi ilə yanaşı, daxilolmaların həcmi 2014-cü illə müqayisədə Sumqayıt şəhəri üzrə 3,0%, Xaçmaz rayonu üzrə 7,9%, İmişli rayonu üzrə 2,3%, Şəki şəhəri üzrə isə 1,4% azalıb. Eyni zamanda Samux, Qax və Zaqatala rayonları üzrə müəyyən edilmiş proqnozlar artıqlaması ilə icra olunsa da, daxilolmaların həcmi əvvəlki ilə nisbətən, müvafiq olaraq 7,1%, 6,5% və 2,4% azalıb.

Bakı şəhəri nəzərə alınmadan respublikanın şəhər və rayonları üzrə 2015-ci il ərzində adambaşına düşən yerli gəlirlərin (işğal altında olan regionlar istisna olmaqla) aşağı həddi Ağsu, Biləsuvar, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Balakən və Gədəbəy rayonları üzrə 28,0-50,0 manat arasında, yuxarı həddi isə Sumqayıt, Şirvan, Mingəçevir, Şəki, Yevlax, Gəncə və Naftalan şəhərləri, eləcə də Abşeron, Siyəzən, Xızı, Quba, Xaçmaz, İmişli və Qəbələ rayonları üzrə 100,0-350,0 manat arasında müşahidə olunub.

Hesablama Palatası hesabatlılığın artırılması və şəffaflığın təmin edilməsi məqsədilə şəhər və rayonlar üzrə yerli gəlirlərin tərkibində ayrı-ayrı tədiyyə növləri (vergi və digər icbari ödənişlər) səviyyəsində məlumatların dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilən sənədlər toplusuna daxil edilməsini məqsədəmüvafiq hesab edib.

Trend

Son xəbərlər
Oxşar xəbərlər