“Hesabat ilində dövlət satınalmalarına cəlb edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə azalsa da, müqavilələrin sayı artıb. Əvvəlki illərdə olduğu kimi say baxımından kotirovka sorğusu, məbləğ baxımından bir mənbədən satınalma əhəmiyyətli çəkiyə malik olmaqla müsabiqə əsaslı satınalma metodlarına cəlb edilmiş məbləğdə əvvəlki illə müqayisədə azalma, bir mənbədən satınalma üzrə isə əksinə artım müşahidə edilib”.
Banker.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlı hüquqi bazanın tam formalaşdırılmamasını diqqətə alaraq, pilot bölmələr üzrə əks etdirilmiş maliyyələşmə və hədəf göstəricilərinin uyğunlaşdırılması, eləcə də çərçivədə əks etdirilmiş tədbirlərin dövlət proqramları və strategiyaları ilə uzlaşdırılması məqsədilə yeni büdcə modelinə keçid üzrə fəaliyyətin təkmilləşdirilməsinin vacibliyi qənaətindədir: “Dövlət borcu üzrə apardığımız təhlillər borc dayanıqlılığını ifadə edən göstəricilərin tələb olunan meyarlar çərçivəsində olduğunu göstərir. Müsbət meyllərin izlənməsi fonunda dövlət borcunun idarəedilməsi üzrə bəzi məqamların, o cümlədən dəyişkən faiz dərəcəsi ilə əldə edilən vəsaitlərin, şərti öhdəliklərin, dövlət müəssisələrinin borc həcminin diqqətdə saxlanmasını da vacib hesab edirik”.