18 C
Baku
Sunday, September 8, 2024

Hesablama Palatası dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi ilə bağlı təhlillərini açıqlayıb

Hesablama Palatası Azərbaycanda dövlət satınalmaları sahəsində yeni qanunvericiliyin tətbiqi ilə bağlı müsbət və mənfi məqamları açıqlayıb.

Bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd olunub ki, dövlət satınalmalarının elektron portal vasitəsilə həyata keçirilməsinin genişləndirilməsi, nəzarət orqanının səlahiyyətlərinin artırılması və bu sahədə cari nəzarətin gücləndirilməsi, satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri hüquqi aktla müəyyən edilmiş müvafiq məbləğədək olan alışlarının keçirilməsinə sərbəstliyin verilməsi, çərçivə sazişinin tətbiqinə başlanılması və s. dövlət satınalmalarını həyata keçirən qurumların maliyyə vəsaitinin icrasında şəffaflığın artımına müsbət təsir edib.

Müsbət məqamlarla yanaşı, tətbiq edilən yeni qanunvericilik aktının aşağıdakı digər təsirləri də müşahidə olunub.

Dövlət satınalmaları ilə bağlı yeni qanunvericilikdən irəli gələrək informasiya sistemlərinin inteqrasiyasının ilin əvvəlində tamamlanmaması, yeni qanunvericiliyin satınalan təşkilatlar tərəfindən tam mənimsənilməməsi, habelə satınalmaların keçirilməsi zamanı müvafiq razılıqların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin kifayət qədər çox olması, həmçinin satınalmalarla bağlı təsdiqləmələrin hüquqi aktla müəyyən edilmiş son gündə verilməsi satınalma prosedurlarının keçirilməsi və müqavilələrin bağlanılmasında yubanmalara səbəb olmaqla dövlət büdcəsinin vəsaitinin aidiyyəti istiqamətdə reallaşdırılmasına mənfi təsir edib.

Qiymətləri ölkə bazarında konkret olan malların qanunvericiliklə dövlət satınalmalarının əhatə dairəsindən istisna edilməməsi, habelə yuxarıda qeyd edilən bəzi amillər satınalan təşkilatlar tərəfindən bir mənbədən satınalma metoduna müraciətlərin artmasına səbəb olub.

Qanunvericilikdə dövlət satınalmalarının keçirilməsi üçün minimum məbləğlərin müəyyən edilməməsi ehtimal olunan qiyməti cüzi məbləğlə ifadə olunan predmetlər üzrə dövlət satınalmalarının bəzi hallarda baş tutmaması ilə nəticələnib.

Dövlət satınalmaları ilə bağlı müvafiq portalın funksionallığının yeni qanunvericiliyə tam uyğunlaşdırılmaması satınalan təşkilat tərəfindən müvafiq prosedurların (məsələn, çərçivə sazişi) həyata keçirilməsində çətinliklərin yaranmasına səbəb olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər