2 C
Baku
Saturday, December 14, 2024

Hesablama Palatası Elmin İnkişafı Fondunda audit zamanı nöqsanlar aşkar edib

Hesablama Palatası Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun gəlir və xərclərinin icrası üzrə apardığı uyğunluq auditinin nəticələrinə dair auditor hesabatını açıqlayıb.

Aparılan audit Elmin İnkişaf Fondunun 2019-2020-ci illərdə fəaliyyətini və ümumilikdə 2 milyon manat vəsaiti əhatə edib.

Yoxlamalar nəticəsində məlum olub ki, özünümaliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı fəaliyyətin başa çatdırılmaması ayrılmış vəsaitlərin vaxtında və nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməməsi ilə nəticələnib, eyni zamanda mövcud imkanlardan istifadə olunmayaraq qalib layihələrin maliyyələşdirilməsi təmin edilməyib.

Auditin əhatə etdiyi funksional fəaliyyətin təmin edilməsi əsasən ştatdankənar işçilər vasitəsilə təmin olunub.

“Müsabiqələr dövlət sifarişinin istiqamətləri üzrə uyğun şəkildə elan olunmayıb, ümumilikdə layihələr istiqamətdən yalnız 2-ni əhatə edib.

Qalib layihələrin müddəti Azərbaycan Prezidentinin 19 fevral 2010-cu il tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş Elmin İnkişafı Fondunun Nizamnaməsinin tələblərinə uyğun şəkildə müəyyənləşdirilib, bununla belə fəaliyyətin təmin edilməsi sahəsində idarəetmə qərarlarının gecikdirilməsi 2018-ci ildə bağlanmış müqavilələrin 76,2 %-nin müəyyən edilmiş müddətlərdə başa çatdırılmaması ilə nəticələnib, başa çatdırılmış layihələr üzrə vəsaitin icra səviyyəsi aşağı olub.

Müsabiqələrin keçirilməsi və layihələrin seçilməsi ilə bağlı fəaliyyətdə nöqsanlar son nəticədə layihələrin icra müddətinin uzanmasına, vəsaitlərin nəticəli istifadəsinin təmin edilməməsinə səbəb olub, həmçinin müvafiq hesabatların alınmaması ödənilmiş vəsaitlərin istifadəsinin və təyinatının təsdiqlənməsi imkanlarını məhdudlaşdırıb”, – auditin hesabatında deyilir.

Layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş avadanlıq və cihazlar alınmadan layihələrin başa çatdırılmış hesab edilməsi həmin layihələrin ilkin məqsəd və nəticələrə nail olunmasında riskləri formalaşdırıb, alınmış qeyri-maliyyə aktivlərinin uçota alınması ilə bağlı fəaliyyətin reqlamentləşdirilməməsi hesabatlılığın təmin edilməməsi ilə nəticələnib.

Məlumata əsasən, nəqliyyat vasitələrinin saxlanması ilə bağlı 2019-cu ildə ayrılmış vəsaitlərin icra səviyyəsi xüsusilə aşağı olmuş, müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən büdcə vəsaitinin artıq istifadə edilməsinə şərait yaranıb.

Auditin əhatə etdiyi dövr ərzində satınalma predmeti olan bir hal üzrə vəsaitlər qanunvericiliklə müəyyən edilmiş metodlar tətbiq olunmadan istifadə edilib.

Maliyyə hesabatlarının tərtibi zamanı əhəmiyyətli olmayan təhriflərə yol verilib, minik avtomobilləri üzrə amortizasiya normaları düzgün tətbiq edilməyib.

“Yeni rəhbərlik təyin edilənədək nəzarət mühitinin formalaşmasında yaranmış boşluqlar funksional fəaliyyətin təmin edilməsini çətinləşdirib, hesabatvermə mexanizmləri tətbiq edilməyib.

Həyata keçirilmiş tədbirlər nəzərə alınmaqla, Kollegiya tərəfindən qəbul edilmiş qərarda funksional fəaliyyətin təsdiq olunmuş ştat vahidləri çərçivəsində təmin edilməsinin hüquqi aktlarla tənzimlənməsi, bir layihə üzrə 26 min 270 manat məbləğində vəsaitin müvafiq qaydada bərpası üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin həyata keçirilməsi, Elmin İnkişafı Fonduna ayrılmış vəsaitlər üzrə 1 yanvar 2021-ci il tarixinə 4 milyon 551,5 min manat qalıq məbləğinin növbəti il üzrə xərclərin proqnozlaşdırılması prosesində nəzərə alınması ilə bağlı tapşırıq verilməsi təklif olunub. Bu vəsaitin gələn il nəzərə alınması ilə bağlı Maliyyə Nazirliyi məlumatlandırılıb”, – hesabatda deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər