25 C
Baku
Thursday, May 29, 2025

Hesablama Palatası: Ötən il dövlət büdcəsinin xarici valyutada daxilolmaları azalıb

2024-cü ildə Azərbaycanda dövlət büdcəsinin xarici valyutada daxilolmaları və pul baratları üzrə müsbət saldo azalıb, bu isə xarici valyutaya tələbin artmasına səbəb olub.

Bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, daxili tələb amillərinin aktivləşməsi ilə hərraclarda valyutaya tələb yüksəlib, fiskal əməliyyatların likvidliyə təsirləri sterilizasiya əməliyyatlarının azaldılmasını şərtləndirib. Ötən il keçirilmiş 95 valyuta hərracında 7 milyard 169,1 milyon ABŞ dolları satılıb, bu məbləğ əvvəlki ilə nisbətən 1,8 dəfə çox olub. Hərraclar üzrə orta tələb əvvəlki ildə qeydə alınmış 40,4 ABŞ dollarından 75,5 ABŞ dollarına yüksəlib. Valyutaya tələbin artmasına əsasən fiskal stimullar fonunda idxal həcminin yüksəlməsi təsir edib. Əvvəlki illə müqayisədə satışın artması həm də aşağı baza effektindən təsirlənib. Belə ki, Dövlət Neft Fondundan (ARDNF) transfertlərinin təxminən yarısı hərraca çıxarılmadan birbaşa xarici valyutada dövlət büdcəsinə köçürülüb. Xarici valyutaya tələbin artmasına dövlət büdcəsinin xarici valyutada daxilolmalarının (neft-qaz sektoru üzrə podratçı tərəflərin mənfəət vergisi 34,4 % azalıb) və pul baratları üzrə müsbət saldonun (pul baratları üzrə müsbət saldo 49,7 % azalıb) azalması da öz təsirini ötürüb.

Hesabat ilində xarici dövlət borcu ilə bağlı ödənişlər də xarici valyutaya tələbin yüksəlməsinə təsir edən amillərdən olub. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı məlumatlara əsasən, il ərzində qurum xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) qarşılanması məqsədilə valyuta satışı həyata keçirib, bu satış 2023-cü ildə daxili bazara edilmiş alışyönlü müdaxilə hesabına təmin edilib.

Bu proseslər fonunda AMB-nin rəsmi beynəlxalq ehtiyatları ilin əvvəlində qeydə alınan 11 milyard 613 milyon ABŞ dollarından ilin sonunda 10 milyard 959,5 milyon ABŞ dollarına düşüb. AMB-nin satışyönlü müdaxiləsi pul kütləsinə azaldıcı təsir edən amillərdən olub. Ötən il həyata keçirilmiş fiskal əməliyyatlar şəraitində sterilizasiya əməliyyatlarında azalma izlənib. Hesabat ilinin sonunda AMB-nin notlarının nominal üzrə dövriyyədəki həcmi 208,2 milyon manat olmaqla, ilin əvvəli ilə müqayisədə 1 milyard 111,9 milyon manat və yaxud 6,3 dəfə azalıb. Ümumilikdə hesabat ilində qiymətli kağızlar bazarında dövriyyənin həcmi 1 milyard 863,9 milyon manat artıb və AMB notlarının azaldıcı təsiri fonunda cəmi dövriyyənin artımı tamamilə dövlət istiqrazları hesabına təmin edilib.

Qeyd olunan proseslər, eləcə də vahid xəzinə hesabının sərbəst qalığının ilin əvvəli ilə müqayisədə artması müvafiq dövrdə manatla pul bazasının demək olar ki dəyişməməsi və yaxud cüzi artması ilə nəticələnib, pul bazasının tərkib elementləri olan dövriyyədə olan nağd pullar nisbətən artıb, müxbir hesablar, o cümlədən məcburi ehtiyatlarda azalma qeydə alınıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər