13 C
Baku
Monday, May 20, 2024

Hesablama Palatası Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətində nöqsanlar aşkarlayıb

Hesablama Palatası (HP) Sahibkarlığın İnkişafı Fondunun (SİF) fəaliyyətində nöqsanlar aşkarlayıb.

Bu barədə Palatanın məlumatında bildirilir.

HP-nin apardığı audit yoxlamasına əsasən Fondun funksional fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinə tam əməl edilmədiyi, Müşahidə Şurası tərəfindən güzəştli kreditlərdə yerləşdirilən aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması (o cümlədən ümidsiz aktivlərin silinməsi) qaydaları təsdiq edilmədiyi ortaya çıxıb.

Məlum olub ki, təsərrüfat subyektlərinin yaradılması və ya onlarda iştirak barədə qərar qəbul edilməyib, investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar tam aparılmayıb, sahibkarların yeni bazarlara çıxış imkanları tam öyrənilməyib və qabaqcıl beynəlxalq təcrübə sahibkarlara tam çatdırılmayıb.

SİF-in hüquqi sənədlərində dövriyyə vəsaitlərinin artırılmasına güzəştli kreditlərin verilməsi nəzərdə tutulmadığı və müvafiq kreditləşdirmə mexanizmi mövcud olmadığı halda yeni istehsal, emal və infrastruktur müəssisələri yaratmayan 26 sahibkarlıq subyektinə 8,73 milyon manat məbləğində güzəştli kreditlər dövriyyə vəsaiti almaq üçün verilib.

Sahibkarlarla aparılmış maarifləndirmə işləri və onlara göstərilən məsləhət xidmətləri Fondun missiyasına adekvat olmayıb, güzəştli kredit almaq üçün edilən müraciətlərin sayı az, imtina olunmuş müraciətlərin sayı çox olub. Belə ki, 2021-ci ildə güzəştli kredit üçün müraciətlərin sayı 2013-cü ilə nisbətən 2 dəfə, 2014-cü ilə nisbətən 2,5 dəfə və 2015-ci ilə nisbətən 2,6 dəfə azalıb, kreditləşdirmədən imtinaların sayı isə əvvəlki illərlə müqayisədə xeyli artıb, nəticədə sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin həcmi azalıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər