Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyəti ilə bağlı Palatanın aparat rəhbəri Tamerlan Yusif-zadə ilə müsahibə:
– Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji Planının bu il son ilidir. Strateji Planla nələr əldə edildi?
– Qeyd etdiyiniz kimi, 2021-2025-ci illəri əhatə edən Strateji Planın (SP) icra müddəti bu ilin sonunda başa çatır. SP ilə müxtəlif sahələrdə Hesablama Palatasının inkişafı üçün mühüm işlər görülmüş və nəzərdə tutulan əksər hədəflərə nail olunub. Ölkəmizdə dövlət auditinin beynəlxalq standartlara uyğunluğu təmin edilib, auditin əhatə dairəsi artırılıb,səmərəlilik auditlərinin geniş şəkildə tətbiqinə başlanılıb. Bundan əlavə, ilk dəfə olaraq bəzi iri həcmli vəsait icra edən qurumların konsolidə edilmiş maliyyə hesabatlarının auditi keçirilib, kənar dövlət maliyyə nəzarəti tədbirləri üzərindən büdcələrə rəylərin verilməsinə başlanılıb, həm rəylər, həm də auditlər üzrə təklif və tövsiyələrin izlənilməsi üçün mexanizmlər qurulub və onların icra faizi artırılıb. Həmçinin, icra qurumlarının hesabatlarında tövsiyələrimizin icrası barədə məlumat verilib. Ölkədə ilk dəfə olaraq illik hesabatvermədə Hesablama Palatası tərəfindən nəticəəsaslı büdcə modelindən istifadə edilib, beynəlxalq audit təşkilatlarının İdarə Heyətində və Audit Komitələrində üzvlük təmin edilib, kadr potensialı gücləndirilib, rəqəmsal həllərdən istifadə genişləndirilib, o cümlədən yeni Dövlət Auditi İnformasiya Sisteminin qurulmasına başlanılıb.
– Ölkədə ilk dəfə olaraq hesabatvermədə nəticəəsaslı büdcə modelindən istifadə etmisiniz. Bu nə deməkdir?
Sadə dildə desək, DAİS data analitikası və Bİ alətləri ilə təkrarlanan tapşırıqları avtomatlaşdıraraq istifadəçilərə vaxt qazandırmaqla ilkin tapıntıları aşkarlamağa və aidiyyəti proseslərin ümumi keyfiyyətini və səmərəliliyini artırmağa imkan verəcək.
– Milli Məclisdə Hesablama Palatasının xərclər smetası müzakirə edilirdi. Xərclər üzrə artımı təklif etdiniz. Artım hansı istiqamətə yönəlib? Ümumiyyətlə, maliyyə təminatınızda problemlər mövcuddurmu?
– Xeyr, Hesablama Palatasının maliyyə təminatımızda heç bir problem yoxdur. Bunun hüquqi əsasını “Hesablama Palatası haqqında” Qanun müəyyən edir. Burada göstərilir ki, ayrılan vəsait normal fəaliyyətimizə imkan verməli, eyni zamanda hər növbəti ilin cari xərcləri əvvəlki ildən az olmamalıdır.
İlkin layihə ilə müqayisədə artım təklifimiz isə əsasən yaradılmasına başlanılan informasiya sistemi üzrədir. Belə ki, növbəti ildə İS üzrə daha geniş həcmli işlərin həyata keçirilməsinə ehtiyac yaranacağı nəzərə alınmaqla artım təklif olunmuşdur.
Ümumilikdə artım məbləği xərclər smetasının 1%-nə bərabərdir.
– Son dövrlər Hesablama Palatası müxtəlif dövlət orqanları və beynəlxalq təşkilatlarla memorandumlar imzalayır. Burada xüsusilə təlim fəaliyyəti ön plana çıxır. Bilmək istəyirik ki, bu fəaliyyətlər yalnız Hesablama Palatasının əməkdaşları üçün nəzərdə tutulub və ya maraqlı tərəflər də bu imkanlardan yararlana biləcək?
– Bəli, son dövrlərdə bu kimi təşəbbüslərdə artım izlənilir. Məqsədimiz həm qurumumuzun əməkdaşlarının potensialının artırılmasına, həm də müxtəlif dövlət qurumları üçün bəzi mövzularda təlimlərin keçirilməsi ilə aidiyyəti sahədə irəliləyişlərin əldə edilməsinə yönəlib. Məsələn, növbəti il üçün dövlət satınalmaları, maliyyə hesabatlılığı, OMXÇ və onun auditi və s. mövzularda qurumlar üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda, növbəti illərdə müvafiq qurumlarla birgə daha 1 təşəbbüslə çıxış etmək istəyirik. Bu, İctimai sektorda Peşəkar Auditor Layihəsinin hazırlanması və tətbiqidir. Bu istiqamətdə hələ ki, başlanğıc nöqtəsindəyik.
– Hesablama Palatası hər ilin büdcə layihəsi ilə yanaşı, bir sıra Fondların büdcə layihəsinə rəy verir. Amma burada İcbari Tibbi Sığorta Fondu (İTSF) yer almır. Bu nə ilə bağlıdır?
– İcbari Tibbi Sığorta Fondu ilə bağlı tənzimləmə nisbətən yenidir. 2022-ci ildə “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilərək Fond icmal büdcənin komponentlərinə daxil edilib.
Hesablama Palatasının Fondun auditini aparması ilə bağlı hər hansı problemi yoxdur və audit həyata keçirilib, nəticələr açıqlanıb.
Lakin Fondun büdcə layihəsinə və icrasına rəy verilməsi qanunvericilikdə təsbit edilməyib. Bu istiqamətdə müvafiq dövlət qurumları ilə müzakirələr aparılır və gələcəkdə qanunvericiliyə dəyişiklik edilməsi istisna olunmur.
– MİDA-nın fəaliyyəti, xüsusilə mənzillərin satış mərhələsində sistemdə yaranan problemlərlə bağlı gündəmdədir. Hesablama Palatası bu fəaliyyəti qiymətləndiribmi?
– Hesablama Palatasının rəsmi saytında “audit təklif et” bölməsi mövcuddur və vətəndaşlar bu bölmə vasitəsilə istənilən dövlət qurumu üzrə audit təklifi irəli sürə bilirlər. Daxil olan müraciətlər risk qiymətləndirilməsi əsasında dəyərləndirilir. Burada icra olunan vəsaitin həcmi, əvvəlki auditlərin aparılıb-aparılmaması və s. meyarlar nəzərə alınır.
MİDA ilə bağlı bir neçə il əvvəl audit aparılıb və nəticələr illik hesabatda əks olunub. Ümumilikdə vətəndaşların müraciət və təklifləri diqqətlə nəzərdən keçirilir və zərurət yaranarsa, bu müraciətlər audit üçün əsas ola bilər.
– Vətəndaş müraciətləri əsasında audit aparılan qurumlar olubmu?
– Bəli, məsələn, İcbari Tibbi Sığorta Fondunda audit məhz bu cür vətəndaş müraciətləri əsasında aparılan risk qiymətləndirilməsinə əsasən müəyyən edilib.
– Dövlət satınalmaları üzrə nəzarət necə həyata keçirilir?
– Dövlət satınalmaları büdcə vəsaitlərinin əhəmiyyətli hissəsini təşkil edir və Hesablama Palatasının auditlərinin əsas predmetlərindəndir. Auditlərin 80% ətrafında bu sahə əhatə olunur. Palata öz satınalmalarını da beynəlxalq effektivlik göstəriciləri əsasında qiymətləndirir və bu məlumatları ictimaiyyətlə bölüşür. Məqsəd digər qurumlarına nümunə olmaqdır.
– Büdcə xərclərinin effektivliyi cəmiyyət üçün necə şəffaf ola bilər?
– Hazırda dövlət sektorunda nəticəəsaslı büdcə modelinə keçid prosesi davam edir və sizin qeyd etdiyiniz məsələ məhz bu yanaşmada nəzərə alınır. Yəni dövlət qurumu büdcədən vəsait istəyərkən yalnız xərclənəcək məbləği deyil, həmin vəsait hesabına hansı nəticələri əldə etməyi planlaşdırdığını da göstərməlidir. İlin sonunda isə “bu qədər vəsait icra etdim və bu nəticələri əldə etdim” məntiqi ilə hesabatvermə formalaşır. Bu, büdcə xərclərinin yalnız icra səviyyəsinə görə deyil, eyni zamanda nəticəsinə və effektivliyinə görə qiymətləndirilməsi üçün imkan yaradır.
Bu yanaşma hazırda Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) tətbiq olunan bölmələrdə müəyyən formada tətbiq edilir. Eyni zamanda, islahatın icrası ilə bağlı təkmilləşdirilməli sahələri də görürük və bu məsələləri öz rəylərimizdə qeyd edirik. İslahat büdcəyə tam şamil edildikdən sonra büdcə vəsaitlərinin istifadəsinin nəticəsini və effektivliyini daha aydın şəkildə görmək mümkün olacaq.
Bu modelin üstünlüyü ondan ibarətdir ki, xərcləmə ilə nəticə arasında əlaqə güclənir və dövlət sektorunda fəaliyyət göstəriciləri ilə büdcə planlaması arasında daha sistemli bağ qurulur. Keçid hissə-hissə aparılır. Hesablama Palatası da yeni strateji planda OMXÇ-nin auditini nəzərdə tutur və ehtimal edirik ki, bu istiqamətdə auditin nəticələrini növbəti illərdə açıqlaya biləcəyik.








