9 C
Baku
Monday, November 18, 2024

Hesablama Palatasının hökumətə təqdim etdiyi əsas tövsiyə və təkliflər açıqlanıb

Əvvəlki illərdə qurumlarda keçirilmiş nəzarət tədbirləri üzrə 25,5 milyon manatın büdcəyə bərpası üçün tədbirlərin icrası davam etdirilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, 2022-ci ildən əvvəlki dövrdə keçirilən auditlərlə əlaqədar 1,3 milyon manatın da büdcəyə bərpası təmin edilib: “2023-cü ildə Hesablama Palatasının keçirdiyi auditləri NK-ya və digər dövlət qurumlarına təqdim etmişik. Dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi üçün Nazirlər Kabinetinə təqdim edilən 9 tövsiyə olub. Nazirlər Kabinetindən verilən məlumata görə, bu tövsiyələrdən bəziləri nəzərə alınıb. Bu günlərdə 2024-cü ildə qanunlara dəyişikliklərlə bağlı yeni təkliflər paketini Nazirlər Kabinetinə təqdim etmişik. İlk olaraq, auditlər qurumlar tərəfindən Nazirlər Kabinetinin qəbul etdiyi normalara riayət edilmədiyini göstərir. Bunun səbəbi normaların uzun müddətdir yenilənməməsi və s. ilə bağlıdır. İkinci təklif mənzil fondu ilə bağlıdır. Təklif etdiyimiz məsələ mənzil fondu ilə əlaqədardır. Auditlərdə Dövlət Mənzil Fondu ilə əlaqədar qanunvericilikdə çatızmazlıqlar praktiki problemlərə səbəb olub. Dövlət Mənzil Fondu ilə təmin edilməli şəxslərin dairəsinin dəqiqləşməsi, Üstün mənzil təminatı olan hüquqi şəxslərin Mənzil Məcəlləsində nəzərə alınmamasıdır. Yəni bu şəxslər qazilər və şəhid ailələridir. Şəhid ailələrinə edilən güzəştlərin haqqında qanunda mənzil şəraitinin yaxşılaşdırılması ehtiyacı olan şəhid ailələrinin yaşayış sahələrinin birinci növbədə təmin edilməsi hüquqlar təsbit olunub. Lakin Mənzil Məcəlləsində şəhid ailələri, müharibə nəticəsində əlil olan şəxslərin üstün hüququ fərqləndirilmir. Mənzil təminatı hüququ olan şəxslərin uçotunun təşkili üçün qüvvədə olan hüququ akt 40 ildir yenilənmir. Üçüncü təklif qiymətləri tənzimlənən mallar üzrə dövlət satınalmasının təşkili ilə bağlıdır. Bu problem daha çox mədəniyyət sahəsində özünü göstərir. Rəsm əsərlərinin alınması, filmlərin çəkilməsi, səsləndirilməsi kimi məsələlərin satınalmalar vasitəsilə təşkil edilməsini tövsiyə etmişik”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər