Strateji idarəetmə çərçivəsinin və nəticələrə əsaslanan fəaliyyətin tətbiqi genişlənməlidir.
Bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Hesablama Palatası səmərəlilik auditlərinin nəticələri əsasında hesab edir ki, büdcə vəsaitlərinin istifadəsi zamanı aşağıdakılar diqqətdə saxlanılmalıdır:
– dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə hədəf-xərc-icra uyğunluğunun düzgün qiymətləndirilməsinə şərait yaradılmalı;
– müəyyən hüquqi tənzimləmənin qüvvədə olması şəraitində fəaliyyətin qiymətləndirilməsi metodologiyası (xərc-gəlir, xərc-nəticəlilik və s.) praktiki olaraq tətbiq edilməli;
– məqsədlərə nail olunma səviyyəsinin qiymətləndirilməsinə şərait yaradılması üçün qurumlar tərəfindən müvafiq sahələrdə plan və strateji sənədlərlə yanaşı, bu sənədlər üzrə tədbirlər planı da hazırlanmalı;
– ölkədə səmərəlilik auditinin əsas hədəfi olan performans büdcənin alternativi – nəticəəsaslı büdcəyə keçid sürətləndirilməlidir.
Vüqar Gülməmmədov qeyd edib ki, bəzi normativlər və metodologiyalar yenilənməli və təkmilləşdirilməlidir. Uyğunluq elementləri üzrə audit nəticələrini nəzərə alaraq Hesablama Palatası hesab edir ki, burada diqqətə alınmalı və görüləcək işlər aşağıdakılardan ibarətdir:
– bəzi sahələr üzrə xərc normativlərinin olmaması və ya yenilənməməsinin dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz istifadəsinə və ya təyinatının dəyişdirilməsinə şərait yaratması, audit prosedurlarının keçirilməsinə və meyarların tətbiqinə mənfi təsir etməsi;
– dövlət sektorunda əməyin ödənişi üzrə qurumlararası disproporsiyaların olması;
– tikinti sahəsində görüləcək işlərin dəyərinin hesablanması metodologiyasında boşluqların olması;
– qurumlar tərəfindən daxili nəzarət mühitinə diqqət yetirilməməsi və ya nəzarət mexanizminin işlək olmaması, bəzi hallarda isə müvafiq sistemin müxtəlif elementlərinin təkmil fəaliyyət göstərməməsi;
– bəzi KDMN obyektlərində dövlət vəsaitlərinin proqnozlaşdırılması zamanı funksional fəaliyyətin və hədəflərin diqqətdə saxlanılmaması.