AZƏRBAYCANDA həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Lakin, hökumətin 2018-ci ilin sonunda müzakirə etdiyi və cari ilin əvvəlindən tətbiq etdiyi həyat sığortasındakı bu məqam artıq bazarda ilk gündən təsirini göstərməkdədir.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.
Banker.az xəbər verir ki, ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 avqust 2019-cu il tarixinə olan icmal göstəricilərinə əsasən, həyat sığortası bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% “daralıb”. Bu azalma isə Azərbaycanda ümumilikdə sığorta bazarının azalmasında önəmli “pay sahibi” olub.
Bəs bu qərar Azərbaycanda bazarın iştirakçılarından daha çox kimə təsir edib?
Sığorta Şirkətləri üzrə MBNP-nın açıqlamasına istinad etsək bundan daha çox əziyyət çəkən “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-dir. “Atəşgah Həyat”ın sığorta haqları üzrə yığımı cari il ərzində cəmi 22,18 mln. manata yaxın olub. Bu öncəi ildə 32,12 mln. manat idi.
Digər bir təsir isə ümumi sığorta üzrə bazarın ikinci ən böyüyü olan “PAŞA Həyat Sığorta” ASC-dir. “PAŞA Həyat” cari ilin 7 ayı ərzində 131,98 mln. manatlıq sığorta haqqı toplayıb bu da ötən illə müqayisədə 21,3% daha az olması deməkdir.
Bazarın 3-cü iştirakçısı “Qala Həyat” Sığorta Şirkətinin isə gəlirləri cari ilin 7 ayına 7,22 mln. manat olub, bu illik müqayisədə 20,6%-dir.