15 C
Baku
Sunday, November 24, 2024

Heydər Əsədov vəzifəsindən azad edilib

Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 23 sentyabr 2024-cü il tarixdə sərəncam imzalayıb.

“Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilsin”- deyə sərəncamda bildirilir.

Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.

1978–1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1992–1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdir. 2 may 2024-cü il tarixində yenidən növbəti 5 il müddətinə rektor təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Son xəbərlər
Digər xəbərlər