“Cari ildə hibrid avtomobillərinin ölkəyə gətirilməsi say etibarı ilə artımla müşahidə olunur. Belə ki, 2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb”.
Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov müsahibəsində (Reporta) deyib.
O bildirib ki, qeyd olunan [hubrid] minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir.
Müxbir: Bu gün ölkədə belə avtomobilləri idxal edən istehlakçılar üçün də maraqlıdır: Bu cür avtomobillərin gömrük rüsumları necə hesablanır?
M.Vahabov: Hibrid mühərrikli minik nəqliyyat vasitələrininin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən gömrük ödənişləri digər daxili yanma mühərrikli minik avtomobillərə münasibətdə tətbiq olunan vergi və rüsumlarla eynilik təşkil edir. Mənşə ölkəsindən, gömrük dəyərindən, mühərrikin həcmindən, eləcə də istehsal buraxılış ilindən asılı olaraq gömrük ödənişləri tətbiq edilir.
Müxbir: Bu il ərzində ölkəyə gətirilən elektromobillərin sayında hansı tendensiya qeydə alınıb?
M.Vahabov: Mövcud normativ-hüquqi aktlarda stimullaşdırıcı tədbirlərin təsbit olunmasına baxmayaraq ölkə ərazisinə idxal olunan elektromobillərin sayında artım müşahidə olunub. Bu ilin 9 ayı ərzində ölkə ərazisinə 112 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib ki, bunlardan 5 ədədi minik nəqliyyat vasitəsidir. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 164.1.41-ci bəndinə əsasən elektrik mühərriki ilə işləyən avtomobilləri 2019-cu ilin yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib.