9 C
Baku
Thursday, December 12, 2024

Hibrid maşınlarına gömrük rüsumunda güzəştlərin olması lazımdır, böyük ehtiyac var – Ekspertlər

Dünyanın bir çox ölkəsində olduğu kimi, son zamanlar Azərbaycanda da hibrid mühərrikli avtomobillərə maraq artır. Rəsmi dilerlər tərəfindən sıfırdan ölkəyə gətirilən avtomobillər olsa da, üstünlüyü Gürcüstandan idxal olunan ikinci əl hibrid mühərrikli avtomobillər təşkil edir.  Hibrid avtomobilləri iki enerji mənbəyini – benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən “Hibrid-elektrik” avtomobilləri kimi tanınır. Ekoloji cəhətdən də təmiz olan bu avtomobillər yanacaq qənaəti üçün də idealdır. Belə ki, hibrid mühərrikli avtomobil şəhər rejimində 4-5 litr yanacaq sərf edir. 

Bəs bu avtomobillərin təmiri, ehtiyyat hissələri ilə bağlı Azərbaycanda vəziyyət necədir?

Məsələ ilə bağlı “Masterclass” verilişinin aparıcısı Raqif Raufoğlu da bildirib ki, doğrudan da son zamanlar hibrid avtomobillərin axını həddindən çoxdur.

“Sadəcə məsələ ondadır ki, bizdə hələ ehtiyat hissələri bazarı və usta aləmi buna hazır deyil. Rəsmi servislərdən biri-ikisi hibrid avtomobil gətirir və ona da cavabdeh olurlar. Bu gün bazarda olan hibridlərin 90 faizdən çoxu Gürcüstandan gətirilənlərdi. Gürcüstana da əsasən Amerikadan gətirilir. Hətta Avropa bazarından da “Renault Megane” avtomobilləri də gətirilir”.

Raqif Raufoğlu deyir ki, sırf hibridin təmiri ilə bağlı Azərbaycanda müəyyən problemlər olur:

“Arxayınlığımız odur ki, həmin avtomobillərin Gürcüstanda ehtiyyat hissələri bazarı var, lazım olsa oradan alıb dəyişmək sərf eləyir. Onsuz da hibridlə bağlı böyük bir təmir tələbi yoxdur. Həmin avtomobillərin akumliyatorları 5-6 il və daha uzun davam edir, benzin sistemi, daxili yanma mühərriki digər maşınlarla eynidir. Ona görə heç bir qorxu yoxdur, qiymətləri də münasibdir”.

R.Raufoğlu bildirib ki, bir il sonranı görmək istəyən ustalar varsa, onlar hibrid avtomobillərin təmiri üzrə mütləq özlərinə sərmayə yatırmağa başlamalıdırlar, kurslara getməlidirlər:

“Gürcüstanda, Ukraynada və Avropa ölkələrində bu avtomobillərin təmiri ilə bağlı ustalar kifayət qədər inkişaf edib. Azərbaycanlı ustalar da gedib öyrənsələr, yaxşı olar”.

Müsahibimiz bildirib ki, hazırda Azərbaycanda daha çox “Toyota” və “Renault” markalarının hibrid avtomobilləri çox yayılıb:

“Azərbaycanlı alıcılar Gürcüstandan avtomobil alanda diqqətli olmalıdırlar. Amerikadan gətirilən avtomobilləri internetdə vin üzrə axtarış verib yoxlamaq olur. Avropadan da özləri gedib avtomobil gətirənlər var. Əsas maşının sahibini tanımaq, maşının keçmişini bilmək lazımdır. Həmin avtomobillərin şəhər içində -3-5 litr yanacaq sərfiyyatı olur, bu da sərf edir”.

Raqif Raufoğlu bildirib ki, dünyanın bir çox ölkəsində hibrid avtomomobillərin gömrük rəsmiləşdirilməsində güzəştlər olur:

“Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda hibrid mühərrikli avtomobillərin gömrük rəsmiləşdirilməsində hansısa güzəşt olunmur. Bir çox ölkə maraqlıdır ki, ekoloji baxımdan daha səmərələri avtomobil gətirilsin. Bunun üçün stimullaşdırıcı addımlar atılır. Azərbaycanda da belə addımlar atılsa, çox yaxşı olar. Azərbaycan Dövlət Gömrük Komitəsi  hibrid avtomobillərə güzəşt tətbiq edilməsinin digər avtomobil gətirənlərə haqsızlıq olacağı ilə əlaqələndirir. Sanki məsələyə biznes  tərəfdən yanaşırlar. Bu isə doğru yanaşma deyil. Buna bir neçə istiqamətdən baxmaq lazımdır, ekoloji baxımdan, qənaət baxımından və digər. Bu gün bizdə hibrid avtomobillərinin güzəştli gömrük rəsmiləşdirilməsinə çox böyük ehtiyac var. Mənə elə gəlir ki, bir neçə qurum bununla bağlı ölkə Prezidentinə müraciət etsə, hansısa addım atılar”.

Facebook-da “Hybrid Club Azerbaijan” qrupunun administratorlardan biri və özü də hibrid mühərrikli avtomobil sürücüsü olan İlqar Quliyev bildirib ki, ticarət məqsədli ilk dəfə “Toyota” şirkəti tərəfindən buraxılan hibrid avtomobilləri bu gün diğər dünya brendləri tərəfindən də istehsal olunur.

“Buna misal olaraq “Lexus”, “Hyundai”, “Kia”, “Honda” və s. kimi dünya brendlərinin istehsal etdiyi hibrid avtomobilləri misal göstərmək olar. Həm elektrik, həm də benzin mühərriki ilə çalışan bu avtomobillər qənaətcilliyi ilə yanaşı, ekoloji cəhətdən də təmizdir. Məhz buna görə son zamanlar ölkəmizdə də hibrid avtomobillər surətlə yayılır. Ölkəmizdə hibrid avtomobilləri arasında “Toyota” markasının təqdim etdiyi “Prius” modeli üstünlük təşkil edir”.

İ.Quliyev deyib ki, “Toyota Prius” modelinin daha çox seçilməsinə səbəb büdcə baxımından daha uyğun olması, ehtiyat hissələrinin asan tapılması və daha dözümlü olmasıdır:

““Prius”la yanaşı, ölkəmizdə “Honda Insight”, “Ford Fusion”, “Kia Optima”, “Hyundai Sonata”, “Chevrolet Wolt” kimi avtomobillərin hibrid modelləri də istifadə olununur. Daha cox Amerika bazarından auksion vasitəsi ilə alınan bu avtomobillər ilk olaraq Gürcüstan Respublikasına, daha sonra isə ölkəmizə idxal olunur. Bununla yanaşı, Avropa bazarından gətirilmiş hibrid avtomobillərinə də rast gəlmək mümkündür”.

Onun sözlərinə görə, dünya bazarında əksər model avtomobillər artıq hibrid texnologiyasına keçməsinə baxmayaraq, Azərbaycanda hələ də hibrid mühərrikli avtomobillər haqqında həqiqətə uyğun olmayan mənfi rəylər formalaşdırılır:

“Belə ki, insanlar arasında akkumluyatorların həddindən artıq baha olması, usta və ehtiyat hissələrinin tapılmaması və.s kimi miflər dolaşmaqdadır. Bu söyləntilərin qarşısını almaq üçün bir ilə yaxındır ki, “Hybrid Club Azerbaijan” adlı Facebook səhifəsi fəaliyyət göstərir. Bu səhifə vasitəsi ilə istənilən hibrid avtomobili haqqında yetərincə məlumat almaq, ehtiyat hissələrinin qiymətini öyrənmək, klubda fəaliyyət göstərən peşəkar ustaların göstərdiyi xidmətdən istifadə etmək mümkündür”.

“Hibrid avtomobillər iki cür olur”  deyən “Hybrid Club Azerbaijan”ın adminstratoru deyib ki, hibridlər sırf hibrid və “plug in” olaraq iki hissəyə ayrılır.

“Hibridlər təkərlər hərəkət etdikcə və tormozlama yolunda enerji yığır. “Plug in”lər isə ev şəraitində və ya xüsusi ayrılmış şarj mərkəzlərində enerji yığa bilir. Tam dolu şarjla 25-30 km yol qət edə bilir. Yığdığı enerji bitdikdə, adi prius prinsipi ilə işləyir. Elektrik mühərriki, benzin mühərrikinə yardım etdiyi üçün, benzin matoru gücdə işləmir. Ona görə də çox az benzin sərf edir.

Sürüş tərzindən, batareyaların vəziyyətindən asılı olaraq “Prius”larda 4-5 litr orta yanacaq sərfiyyatı olur. Belə ki, 40 litr yanacaqla şəhər içində rahat 850 km sürmək mümkündür.

Nəzərə alsaq ki, ölkədəki əksər “Prius”lar 2007-2008-ci il istəhsalıdır, onda demək olar ki, onların batareyalarının  sıradan çıxma ehtımalı çox azdır. Belə ki, hamısının eyni anda sıradan çıxma kimi ehtimalı yoxdur.

Diaqnostika vasitəsi ilə hansı cüt batareyaların amperajının aşağı düşməsini görmək mümkündür. “Prius”larda 14 blok, hərəsində 2 element olmaqla batareya olur. Ümumilikdə 28 element olur. Bir elementin qiyməti 30-50 manat arası dəyişir, vəziyyətindən asılı olaraq”.

“Toyota Prius” sürücüsü deyir ki, əgər bir neçə element işləməsə, avtomobil işə düşməyəcək:


““Prius”lar bildiyimiz starter prinsipi ilə işləmir. Mühərriki işə salan elektrik mühərrikidir. Lakin “Honda Insight”larda işləmə prinsipi fərqli olduğu üçün, onlar batareya işləməyəndə belə işə düşə bilir. “Insight”larda avtomobil sırf batareya ilə hərəkət etmir. Batareyalar benzin matoruna kömek edir sadece. Nəticə etibarı ilə “Insight”larda benzin sərfiyyatı “Prius”a nisbətən daha çoxdur. “Honda Insight” modellərində şəhər içi 6,5-7,5 litr yanacaq sərfiyyatı olduğu halda, “Toyota Prius”da 4-5 litr olur”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər