“Higgsfield” adlı süni intellekt startapı 1,3 milyard dollar qiymətləndirmə ilə 80 milyon cəlb edib. “Reuters”in verdiyi məlumata görə, “A” raundunun “extension” mərhələsində “Accel”, “GFT Ventures” və “Menlo Ventures” iştirak ediblər. Startap vəsaiti korporativ satışların inkişafına, beynəlxalq genişlənməyə, tədqiqat və inkişaf işlərinə, eləcə də əməkdaşların sayını hazırkı təxminən 70 nəfərdən 2026-cı ilin sonuna qədər təqribən 300 nəfərə çatdırmağa yönəltməyi planlaşdırır.
“Higgsfield AI” 2023-cü ildə Moskva Fizika və Texnologiya İnstitutunun məzunu Aleksandr Maşrabov tərəfindən təsis edilib. O, karyerasına “Yandex”də başlayıb. Startapın həmtəsisçisi Qazaxıstandan olan süni intellekt tədqiqatçısı Erzat Dulatdır.
2024-cü ilin aprelində “TechCrunch” komandanın “Menlo Ventures “və digər investorlarından 8 milyon dollar cəlb etdiyini yazmışdı. 2025-ci ilin sentyabrında isə startap “GFT Ventures”, “BroadLight Capital”, “NextEquity Partners”, “AI Capital Partners” və digərlərinin iştirakı ilə “A” raundunda 50 milyon dollar investisiya topladığını açıqlamışdı.
Platforma Sİ effektləri ilə videolar və iPhone çəkilişi üslubunda “trend” şəkillər yaratmağa imkan verir. 2025-ci ilin yayında xidmət fotoşəkil əsasında danışıq videoları yaradan generatoru təqdim edib, noyabrda isə kontent üzərində birgə işləmə rejimini və “Teams” tarif planını əlavə edib.






