Azərbaycanın “yaşıl inkişaf” və rəqəmsallaşma ilə bağlı tutduğu yol Çinlə birgə fəaliyyət üçün yaxşı şərait yaradacaq.
Bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Çin şirkətləri Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə qoyurlar, biz bunu minnətdarlıqla qəbul edirik, çünki bu, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Bu, xüsusən də Çin şirkətlərinin yaxşı təmsil olunduğu tikinti materialları və neft-kimya məhsullarının istehsalıdır”, – o bildirib.
H.Hacıyev qeyd edib ki, “yaşıl enerji” sahəsində belə əməkdaşlığa misal olaraq “ACWApower” şirkətinin çinli tərəfdaşlarla birgə fəaliyyətini göstərmək olar: “Çin məhsulları və inşaatçıları günəş və külək enerjisi layihələrinin həyata keçirilməsində iştirak edirlər”.
“Fürsətdən istifadə edərək Çini “yaşıl keçid”də əldə etdiyi nailiyyətlərə görə təbrik etmək istərdim. Çin bu işdə milli və qlobal səviyyədə praktiki nəticələr nümayiş etdirir, həmçinin öz nailiyyətlərini başqaları ilə bölüşür”, – Prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyevin sözlərinə görə, budəfəki səfər zamanı oxşar layihələr müzakirə olunub, məsələn, çinli tərəfdaşların köməyi ilə Azərbaycanda bərpa olunan enerji sektoru üçün istehsal müəssisələrinin, ölkədə elektromobillərin istehsalı xəttinin yaradılması buraya daxildir: “Bu gün Bakının küçələrində Çinin elektromobillərini görmək olar. Ümumiyyətlə, Çində avtomobil sənayesinin bu seqmenti yaxşı inkişaf edib”.