13 C
Baku
Saturday, November 23, 2024

Hind qiyamı: pul mübadiləsi ölkə iqtisadiyyatını uçuruma necə gətirib çıxardı?

Hindistanda əhalinin qəzəbi soyumaq əvəzinə daha da şiddətlənir. Ölkədə 500 və 1000 rupi nominalında olan banknotların dövriyyədən çıxarılmasına etirazlar gün keçdikcə daha da güclənir. Dövlət rəhbərliyi bu islahatı rüşvətxorluqla mübarizə aparmaq məqsədilə həyata keçirdiyini bildirsə də, tezliklə bu islahat bütün ölkə iqtisadiyyatına zərbə vura bilər.

Ölkə əhalisinin üçdə bir hissəsi mübadilə məntəqələrinin önündə növbələrdə dayanıb. Digər yarısı isə nəqliyyat xərcini ödəyə bilmədiyi üçün növbələrdə öz yerini tuta bilmir. Taksi sürücülərinə ərzaq məhsulları ilə ödəniş edirlər. Daşınmaz əmlak satışı, pərakəndə ticarət, inşaat, yük daşımaları – hər şey qəfil olaraq endi, digər sahələrin nə ilə üzləşəcəyi hələ bəlli deyil. Varlılar yoxsullardan yardım istəyir. 10-larla insan həyatı ilə vidalaşdı.

Bu həftənin əvvəlində hindlilərin səbr kasası daşdı. 28 noyabrda ölkənin iri şəhərlərində “qəzəb günü” keçirildi. Al-Jazeera-nin verdiyi məlumata görə, Kəlküttədə 25 min, Mumbayda 6 min insan küçələrə axışıb. Ölkə rəhbərliyinin vəziyyəti yalnızca Yeni il ərəfəsində normallaşdıra biləcəyini vəd etdiyini nəzərə alsaq, etirazlar daha ciddi mərhələyə qədəm qoya bilər.

Qeyd edək ki, 8 noyabrda Hindistanın baş naziri  Narendra Modi çıxış edərək bildirir ki, bu gündən etibarən 500 və 1000 rupi nominalında olan baknotlar dövriyyədən çıxarılır. Bu ən nəhəng iki banknotdur və hindlilər nağd əməliyyatlarının 86%-ni məhz bu iki banknot ilə həll edirdilər. Modi bu iki valyutanı rüşvətxorların, vergidən yayınanların və terrorçuların əsas valyutası adlandırmışdı. Bu belə ola bilər. Lakin bu iki valyuta inşaat, ticarət, xidmət və ən əsası kənd təsərrüfatında da əsas ödəniş vasitəsidir.

Pulları mübadilə etmək üçün isə müddətlər belə idi: 24 noyabra qədər 4 min rupini ölkənin istənilən bankında və yaxud poçtunda şəxsiyyət vəsiqəsini təqdim etməklə daha kiçik və yaxud yeni banknot ilə mübadilə etmək mümkün idi. Bu məbləğin yalnız 2 minini nağd vəsait ilə əldə etmək olardı, geri qalan 2 min isə həmin şəxsin hesabına yatırılır. 30 dekabra qədər isə banknotları istənilən miqdarda bankda hesaba yatırmaq olar, lakin məbləğ 250 min rupidən çox olarsa pulun qaynağını təqdim etmək tələb olunur. Həftədə isə hesabdan yalnızca 20 mindən çox olmayan məbləğ çıxarmaq olar.

Bütün bunlar fonunda Hindistan iqtisadiyyatını qarşıda qəliz günlərin gözlədiyini təxmin etmək çətin deyil.

 

Son xəbərlər
Digər xəbərlər