Hindistan hökuməti dünya birliyinin koronavirus pandemiyasına qarşı tədbirlərinə qoşularaq parasetamolun və malariyaya qarşı vasitə olan hidroksixlorokuin (HCQ) dərmanının ixracına dair məhdudiyyəti ləğv etmək qərarına gəlib.
“PTI News” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yeni sözçüsü Anuraq Şrivastava bildirib.
“Pandemiyanın humanitar cəhətlərini nəzərə alaraq Hindistan parasetamol və HCQ lisenziyalarını imkan daxilində bütün sərhəd ölkələrinə uyğun miqdarda təqdim etmək qərarını verib. Biz həmçinin pandemiyadan daha çox zərər çəkən bəzi millətlərə bu zəruri dərmanlarla təchiz edəcəyik”, – XİN rəsmisi deyib.
O, həmçinin ötən gün Baş Xarici Ticarət Direktorluğunun (DGFT) da 14 dərmana dair məhdudiyyətləri ləğv etmək qərarına gəldiyini söyləyib.
Qeyd edək ki, martın 25-də Hindistan hökuməti bəzi rəylərə görə COVID-19 virusuna qarşı səmərəli olan HCQ dərmanının ixracına qadağa qoymuşdu. Belə ki, Hindistan həmin dərmanın ən böyük ixracatçısıdır.
Ötən həftə ABŞ prezidenti Donald Tramp Hindistan baş naziri Narendra Modi ilə videokonfransı zamanı koronavirusa yoluxmuş amerikalıların müalicəsi üçün adıçəkilən dərmandan tədarük etmələri barədə müraciət etmişdi. Dünən isə ABŞ lideri onun bu müraciətinə baxmayaraq HCQ ixracına başlamasalar Hindistana qarşı cavab tədbirlər görəcəklərinə dair xəbərdarlıq etmişdi.
Son məlumata görə Hindistanda koronavirusa yoluxanlar 4 858, ölənlər 136, sağalanlar isə 382 nəfərdir.
©Report