Hindistan dizel və aviasiya yanacağının ixrac rüsumlarını artırıb

Hindistan hökuməti dizel yanacağı və aviasiya turbin yanacağının ixracına tətbiq olunan rüsumları artırıb. Bu barədə Bloomberg ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Qərar ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlanmasından sonra qəbul edilib.

Dizel yanacağının ixrac rüsumu litr üçün 8,5 rupidən 15,5 rupiyə qaldırılıb. Aviasiya yanacağı üzrə rüsum isə 7,5 rupidən 14,5 rupiyə yüksəldilib.

Bununla yanaşı, benzinin ixrac rüsumu litr üçün 4 rupidən 2,5 rupiyə endirilib.

Hindistan hökuməti dünya bazarında əvvəlki iki həftə ərzində formalaşan orta neft qiymətlərinə əsasən yanacaq üzrə ixrac rüsumlarını hər iki həftədən bir yenidən nəzərdən keçirir. Bu mexanizm hakimiyyətə qlobal bazardakı dəyişikliklər fonunda daxili yanacaq bazarını sabit saxlamağa imkan verir.

Bloomberg qeyd edir ki, rüsumların artırılması ixracı məhdudlaşdıra bilər. Bu isə Hindistandan yanacaq tədarükünün sentyabr ayından bəri ən yüksək səviyyəyə yaxınlaşdığı bir dövrə təsadüf edir.

Hindistan dünyada neft emalı üzrə dördüncü ən böyük mərkəzdir. Ölkə daxili xam neft tələbatının təxminən 80%-ni idxal hesabına ödəyir və eyni zamanda böyük həcmdə emal olunmuş neft məhsullarını ixrac edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər