Hindistan hakimiyyəti ölkənin ən varlı insanlarından biri və Baş nazir Narendra Modinin tərəfdarı olan Qautam Adaninin biznesinə təxminən 3,9 mlrd dollar investisiya yatıracaq. Bu barədə “The Washington Post” yazır. Bir il əvvəl ABŞ onu fırıldaqçılıqda və amerikalı investorları aldatmaqda ittiham etmişdi, bundan sonra Adani sərvətinin bir hissəsini itirmişdi.
Məlumata görə, Adani şirkətlərinə yatırılacaq vəsait Hindistanın Dövlət Həyat Sığortası Korporasiyasından (LIC) götürülüb. Bu qurum əsasən aztəminatlı ailələr üçün həyat sığortası təmin etməkdə məsuldur.
Plan may ayında təsdiqlənib — həmin vaxt “Adani Group”un liman bölməsinin mövcud borcların restrukturizasiyası üçün istiqraz buraxaraq təxminən 585 milyon dollar toplamasına ehtiyac yaranmışdı. Elə həmin ay şirkət bildirdi ki, prosesin tamamı LIC tərəfindən maliyyələşdirilib. Tənqidçilər bunu dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi kimi qiymətləndiriblər.
Modi hökumətinin Adanini dəstəkləmə planının digər “strateji məqsədləri” arasında biznesmenin şirkətlərinə dövlət etimadının nümayişi və “başqa investorların iştirakını təşviq etmək” də var. Məqalədə qeyd olunur ki, buna baxmayaraq, son bir ildə holdinqin ümumi borcu 20% artıb.
Adaninin sərvəti 2023-cü ilin yanvarında azalmağa başlayıb — “Hindenburg Research” şirkəti “Adani Group”u qiymətli kağızlarla manipulyasiya və maliyyə fırıldaqlarında ittiham etdikdən sonra milyarder bir ay ərzində 80 milyard dollardan çox pul itirib. Həmin araşdırmadan sonra “Adani Group” şirkətlərinin ümumi kapitallaşması 153 milyard dollar azalmışdı.
2024-cü ilin payızında ABŞ prokurorluğu Adaniyə qarşı ittiham irəli sürüb. İdarənin məlumatına görə, hindistanlı biznesmen və bərpa olunan enerji şirkətinin daha iki rəhbəri 2020–2024-cü illər arasında günəş enerjisi müqavilələrini əldə etmək və milyardlarla gəlir qazanmaq üçün hindistanlı rəsmilərə 250 mln dollardan çox rüşvət vermək barədə razılığa gəliblər.
Hazırda Adani “Bloomberg”in milyarderlər reytinqində 92,9 mlrd dollarlıq sərvətlə 20-ci yerdədir. Agentliyin məlumatına görə, onun sərvəti ilin əvvəlindən bəri 14,2 mlrd dollar (18%-dən çox) artıb. Adani 2022 və 2024-cü illərdə Hindistanın ən zəngin adamı olub, lakin hazırda ikinci yerdədir və 103 mlrd dollarlıq sərvətə malik Mukeş Ambaniyə (“Reliance Industries”in sahibi) uduzur.








