Hindistan Hörmüz boğazındakı vəziyyətlə bağlı bir sıra ölkələrlə danışıqlar aparır. Bu barədə brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval bildirib.
“Biz Hörmüz boğazındakı vəziyyətlə bağlı bir neçə ölkə ilə danışıqlar aparırıq. Məqsədimiz orada hələ də qalan gəmilərimizin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etməkdir”, — deyə o qeyd edib.
Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyinin nümayəndəsi Mukeş Manqalın sözlərinə görə, hazırda “Fars körfəzi regionunda olan bütün hindistanlı dənizçilər təhlükəsizdir”. “Son 24 saat ərzində Hindistan bayrağı altında üzən gəmilərlə bağlı heç bir insident qeydə alınmayıb”, — deyə o bildirib. O əlavə edib ki, indiyədək 2 337 hindistanlı dənizçi ölkəyə təhlükəsiz şəkildə qaytarılıb, onlardan 75-i son 24 saatda repatriasiya olunub.
Daha əvvəl Hindistanın Limanlar və Gəmiçilik Nazirliyi qeyd etmişdi ki, Hörmüz boğazı ərazisində ölkə bayrağı altında ən azı 22 gəmi yerləşir. Hindistan hökuməti onlardan 20-ni ölkənin enerji təhlükəsizliyi baxımından kritik hesab edib və onların təhlükəsiz keçidi üçün danışıqlar aparıb. Son bir ay ərzində ən azı səkkiz hindistanlı neft və qaz daşıyan gəmi boğazdan keçib.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar zamanı Tehranın da daxil olduğu iri şəhərlər hədəfə alınıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq İsrailə qarşı genişmiqyaslı əməliyyat keçirdiyini bildirib. ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də zərbələrə məruz qalıb. İran hakimiyyəti ABŞ, İsrail və bu əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı qəbul edib. Münaqişə dövründə Tehranın icazəsi olmadan boğazdan keçən bir sıra tanker gəmiləri hücuma məruz qalıb. Martın 25-də İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, İran Rusiya, Hindistan, İraq, Çin və Pakistan daxil olmaqla dost ölkələrin gəmilərinə Hörmüz boğazından keçidə icazə verib.






