Hindistan hakimiyyət orqanları Ərəbistan dənizində ABŞ sanksiyaları altında olan və neftin qanunsuz daşınması sxemində iştirak etmiş üç tankeri saxlayıb. Bu barədə ölkənin Sahil Mühafizəsi “X” sosial şəbəkəsində məlumat yayıb. “The Maritime Executive” və “Iran International” yazır ki, analitiklər tankerləri İranın “kölgə donanması” ilə əlaqələndirirlər.
“6 fevral tarixində diqqətlə əlaqələndirilmiş dəniz və hava əməliyyatı zamanı beynəlxalq neft qaçaqmalçılığı şəbəkəsi ifşa edilib. Cinayətkar qrup münaqişə bölgələrindən ucuz nefti beynəlxalq sularda gəmilərarası ötürmə yolu ilə tankerlərə daşıyır, sahilyanı dövlətlərə rüsum ödəməkdən yayınırdı”, — deyə Hindistan qurumunun açıqlamasında bildirilir.
Gəmilər müşahidə və məlumatların təhlili vasitəsilə müəyyən edilib. Daha sonra Hindistan hərbçiləri koordinasiyalı əməliyyat keçirərək tankerləri Mumbaydan təxminən 100 dəniz mili (185 km) qərbdə — Hindistanın ərazi sularından kənarda saxlayıblar. Ekipajlar açıq dənizdə yoxlanılıb, elektron məlumatların təhlili və dənizçilərin sorğulanması isə fəaliyyət sxemini və beynəlxalq vasitəçilər şəbəkəsini üzə çıxarıb.
“The Maritime Executive” portalının yazdığına görə, söhbət “Al Jafzia” (Nikaraqua bayrağı altında), “Asphalt Star” (Mali bayrağı altında) və “Stellar Ruby” (İran bayrağı altında) tankerilərindən gedir. Hər üç gəmi ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sanksiya siyahısındadır. Analitiklərin məlumatına görə, tankerlər İran neftinin daşınmasını gizlətmək üçün AIS siqnallarının saxtalaşdırılması və saxta bayraqlardan istifadə ediblər.
ABŞ hesab edir ki, bu tankerlər amerikalı rəsmilərin İranın “kölgə donanması”nın iştirakçısı adlandırdığı hindistanlı gəmi sahibi “Jugwinder Singh Brar” ilə əlaqəli şəbəkəyə daxildir. ABŞ Maliyyə Nazirliyinin versiyasına görə, belə gəmilər neftin gəmidən gəmiyə ötürülməsi və mənşəyinin gizlədilməsi üçün istifadə olunur.
AIS məlumatlarına əsasən, saxlanıldıqdan sonra hər üç tanker Hindistanın qərb sahilindəki limanlardan birinə müşayiət altında yönəlib.
Fevralın 1-də ABŞ prezidenti Donald Tramp Hindistanın İran əvəzinə Venesuela nefti almasını nəzərdə tutan razılaşma elan edib. O, Çini də bu sazişə qoşulmağa dəvət edib.
İran ötən il qaçaqmalçılıq hesabına son illərlə müqayisədə daha çox xam neft ixrac edib, yanvarın sonunda “The Wall Street Journal” yazıb. Məqalədə bildirilir ki, Tehran əsasən nefti Çindəki kiçik neftayırma zavodlarına satıb.
ABŞ və İran arasında münasibətlərin gərginləşməsi fonunda supertanker operatorları İranla BƏƏ arasında yerləşən Hörmüz boğazından keçidi sürətləndirirlər. Bu barədə “Bloomberg” məlumat yayıb. Dünyada dəniz yolu ilə daşınan neftin təxminən dörddə biri bu dar boğazdan keçir.






