Hindistan Ehtiyat Bankının sədr müavini Rabi Sankar kriptovalyuta ticarət sistemini ölkə hökumətini iqtisadiyyata nəzarət mexanizmlərindən məhrum edə bilən maliyyə piramidası adlandırıb.
Sankarın sözlərinə görə, “rəqəmsal aktivlər maliyyə müstəqilliyini təhdid edir və ölkənin maliyyə bütövlüyünü pozur”. “Biz həmçinin gördük ki, kriptovalyutalar pul vahidi, aktiv və ya əmtəə tərifinə uyğun gəlmir, onların nə pul axını, nə də daxili dəyəri var. Onlar Ponzi piramidasına (ABŞ-da ilk maliyyə piramidası) bənzəyir və bəlkə də ondan da pisdir”, – deyə o söyləyib.
“Kriptovalyuta ticarəti valyutanı, bank sistemlərini və ümumiyyətlə hökumətin iqtisadiyyata nəzarət etmək qabiliyyətini məhv edə bilər”, – deyə Sankar vurğulayıb.
Qeyd edək ki, hazırda Hindistanda kriptovalyutaları tənzimləyən qanun layihəsi müzakirə olunur. Onun ilk variantı “bütün özəl kriptovalyutaları” qadağan etmək olsa da, blokçeyn texnologiyasını təşviq etmək üçün istisnalara icazə verilir. Sənədə parlamentin payız sessiyasında baxılacağı güman edilib, lakin bu baş verməyib. Parlamentin davam edən büdcə iclasının gündəmində bu məsələ hələ də yoxdur.