İkinci Qarabağ müharibəsi zamanı və sonrasında bir sıra ölkələr münaqişədəki mövqesini açıq-aşkar şəkildə bəyan etmişdir. Hindistan isə digər ölkələrdən fərqli olaraq bu məsələdə mövqeyini ən çox radikallaşdıran ölkələrdən birinə çevrilmişdir. Maraqlıdır ki, bir neçə il öncəyə qədər Hindistanın xarici siyasət və beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış mərkəzləri Azərbaycan ilə bağlı yalnızca iqtisadi və ticarət əlaqələrinə dair təhlil yazıları dərc edir, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizində Azərbaycanın önəmindən bəhs edirdisə, son aylarda bu tendensiya tamamilə dəyişmişdir.
Müharibədən dərhal sonra Ermənistan ilə Hindistan arasında çoxsaylı silah və sursat satınalınması barədə müqavilələr imzalanmış və rəsmi səviyyədə keçirilən görüşlərin sayı daha da artmışdır. Hindistanda fəaliyyət göstərən siyasi və təhlükəsizlik üzrə ixtisaslaşmış beyin mərkəzləri isə Ermənistan ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyindən bəhs edən və Azərbaycanı tənqid edən yazılar dərc etməyə başlamışdır.
Hindistan hökümətinə yaxınlığı ilə bilinən “Observer Research Foundation” siyasi araşdırmalar mərkəzinin ötən ay yayımladığı “Hindistanın Ermənistana PİNAKA ixracı, onu pantürkizmə qarşı yerləşdirir” başlıqlı təhlil yazısında Azərbaycanın siyasəti sərt tənqid edilmişdir. Yazıda Hindistanın müharibə zamanı Ermənistana açıq-aşkar dəstəyi və müharibədən sonra İrəvana silah satışının Azərbaycandan daha çox onun “himayədarları” olan Türkiyə və Pakistana verilən mesaj olduğu qeyd edilib. Müəllif qeyd edir ki, Ankaranın pantürkizm ideyaları ilə qurmağa çalışdığı imperiya Cənubi Qafqazda və Mərkəzi Asiyada aydın şəkildə görülür. Yazıda qeyd edilir ki, bu imperiyanı qurmaq üçün 2020-ci ildə Türkiyənin istəyi ilə Azərbaycan “Artsax” və Ermənistanın üzərinə hücuma keçmiş, Zəngəzur dəhlizi adı altında bu ilin sentyabrda isə daha bir hücumu həyata keçirmişdir. Yazıda Naxçıvanın qədim erməni torpağı olması, Türkiyənin Qarabağda İŞİD terrorçularından istifadə etməsi kimi iddialar da qeyd edilmişdir. Bildirilir ki, Ermənistan Hindistandan başqa heç kimin hərbi yardımı olmadan öz suverenliyi təhlükəsi ilə üzləşməkdə davam edir.
“Vivekananda International Foundation” siyasi-ictimai araşdırmalar mərkəzi də son aylarda Hindistanın Cənubi Qafqaz siyasəti və Türk dünyası konteksində Azərbaycan barədə məqalə və təhlil yazıları dərc etmişdir. Təhlildə Qafqazın üç ölkəsi təhlil edilmiş, Ermənistanın müttəfiq, Gürcüstanın ehtiyatlı davranılması gərəkən əməkdaş, Azərbaycanın isə yalnızca iqtisadi əlaqələrin olduğu qıcıqlandırıcı ölkə kimi təsnif edilmişdir. Müəlliflər qeyd edir ki, Ermənistan yalnız buraxılmamalı və dəstək olunmalı, tamamilə qərblə müttəfiq olan Gürcüstanla isə əlaqələr inkişaf etdirilməlidir. Azərbaycan isə Kəşmir məsələsində Pakistanı dəstəkləmiş və Hindistanı qıcıqlandırmışdır. Azərbaycan məsələsinin daha dərindən təhlil edilməsi və adekvat addımlar atması bildirilmişdir.
Hindistan mətbuatında sentyabr ayında Azərbaycan və Çin liderlərinin görüşü də müzakirə predmetinə çevrilmişdir. Hindistanla Çin arasındakı ərazi münaqişəsi və davam edən soyuq müharibə Hindistanın xarici siyasətində ən önəmli istiqamətlərdən biridir. Görünür ki, Hindistan Cənubi Qafqazda Pakistan və Türkiyə ilə yanaşı, Çinlə də üzləşməkdən narahatdır. Həmçinin, Hindistan Türkiyənin Mərkəzi Asiyada Türk dünyasını birləşdirmək ideyasını hər vəchlə qarşısını almağa da çalışacaqdır. Çünki, Hindistan regionda Pakistan və Çinlə yanaşı, yeni bir düşmən olan – Türkiyənin də olmasını istəmir.
Hindistanlı politoloqlar düşünür ki, Türkiyənin Mərkəzi Asiyanı bir yumruq altında birləşdirməsi və oradan gələn nəqliyyat dəhlizinin Azərbaycandan keçərək, Zəngəzur dəhlizi ilə Türkiyə ərazisinə qədər uzanacaq yeni bir ticarət yolu yaratması birbaşa Hindistana təhlükə yaradır. Hind mətbuatı və politoloqları Ermənistanın ərazi bütövlüyü ilə yanaşı, Zəngəzur dəhlizinin birbaşa Şimal-Cənub Nəqliyyat Dəhlizinə təhdid yaradacağından da narahatdırlar. Təsadüfi deyil ki, Azərbaycan-İran gərginliyi fonunda 2 gün öncə Hindistanın İrandakı səfiri Dharmendra İranın ŞCND-nin əsas piramidası olduğunu bildirmişdir. Radikal milliyyətçi cinah Azərbaycana qarşı İran və Ermənistanla əməkdaşlığın artırılması tərəfdarıdır.
“Twitter” reportlarına görə, Hindistan dünyada ən çox trol şəbəkəsinə malik olan ikinci ölkədir. Son dövrlərdə “Youtube”, “Tiktok”, “Facebook” kimi platformalarda Hindistan hökumətinin maliyyələşdirdiyi trol şəbəkəsi Azərbaycan və Türkiyə əleyhinə kampaniya aparır. Qaralama kampaniyasının Hindistan hökumətinə bağlı şəbəkə tərəfindən edilməsi, beyin mərkəzlərində və mətbuatda Azərbaycanı sərt tənqid edən yazıların dərc edilməsi, Ermənistanla əlaqələrin dərinləşdirilməsi Hindistan hökumətinin Azərbaycanla bağlı planlardan xəbər verir. Bütün bunları nəzərə alaraq, Hindistanın Azərbaycana qarşı olan yeni siyasətinin araşdırılması və yaxından izlənilməsi diqqətə alınmalıdır.