Hindistanın maliyyə naziri Nirmala Sitaraman bildirib ki, Hindistan Mərkəzi Bankı aprelin 1-dən rupinin rəqəmsal versiyasını işə salacaq. Gözləndiyi kimi, rəqəmsal rupiyə əsginas kimi baxılacaq.
Banker.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, rəqəmsal rupinin tətbiqi rəqəmsal iqtisadiyyatın inkişafına böyük təkan verəcək. “Rəqəmsal valyuta həm də daha səmərəli və ucuz idarəetmə sisteminə gətirib çıxaracaq”, – deyə Nirmala Sitaraman söyləyib. Bununla belə, nazir rəqəmsal rupinin necə işləyəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb, sadəcə onun “blokçeyn və digər texnologiyalardan istifadə etməklə” həyata keçiriləcəyini qeyd edib.
“CNBC”yə görə, Hindistan öz rəqəmsal valyutasını işə salan dünyanın ən böyük iqtisadiyyatlardan birinə çevriləcək.
Eyni zamanda ölkənin hakimiyyət orqanları bitkoin kimi kriptovalyutalara daha sərt mövqe tutub və hazırda bu sektoru tənzimləməyə çalışır. Maliyyə naziri hesab edir ki, virtual rəqəmsal aktivlərdən əldə edilən mənfəət 30% vergiyə cəlb edilməlidir.
Öz rəqəmsal valyutası üzərində işləyən ölkələrdən biri də Çindir. Son iki ildir ki, Çin Xalq Bankı müəyyən sahələrdə vətəndaşlar arasında rəqəmsal yuan paylayır. Ölkə rəqəmsal valyutasını bazara çıxarmayıb və bunun üçün vaxt çərçivəsi müəyyən etməyib.
Çinlə yanaşı, Yaponiya da öz rəqəmsal valyutasını buraxmağı düşünür. Rusiya Bankı da rəqəmsal valyuta üzərində işləyir. 2021-ci ilin yayında Mərkəzi Bankı rəqəmsal rublu sınaqdan keçirmək üçün 12 bank seçib. Tənzimləyicinin bildirdiyinə görə, sınaq il ərzində bir neçə mərhələdə keçiriləcək, bu işin nəticələri əsasında rəqəmsal rublun tətbiqi üçün yol xəritəsi formalaşacaq.