14 C
Baku
Monday, December 1, 2025

Hindistan Qayanadan ilk neft partiyasını alıb

Hindistan enerji təchizatı mənbələrini şaxələndirmək çərçivəsində 2021-ci ildən bəri Qayanadan ilk neft partiyasını alıb. Bu barədə Bloomberg agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, hər biri 1 milyon barrel neft daşıyan iki iri tonnajlı tanker noyabr ayında Cənubi Amerika ölkəsindən Hindistanın şərq sahillərinə doğru yola düşüb. Çatdırılma marşrutunun uzunluğu 11 min dəniz mili (17,7 min km) təşkil edir. Qvayanadan Hindistanın neftayırma şirkətlərinə karbohidrogenlərin gəlməsi yanvarda gözlənilir.

Bundan əvvəl Hindistanın neft və təbii qaz naziri Hardip Sinqh bildirmişdi ki, Yeni Dehli mövcud problemlər səbəbindən neft çatışmazlığından ehtiyat etmir, lakin idxalçılar üçün müəyyən çətinliklərin yaranacağını proqnozlaşdırır. Onun sözlərinə görə, daha uzun marşrutlardan istifadə zərurəti fraxt və sığorta xərclərinin artması deməkdir. “Əgər bazara daha çox neft daxil olsa və qlobal vəziyyət sabitləşsə, daha yaxşı nəticələrə ümid edə bilərik”, — deyə nazir qeyd edib.

ABŞ 6 avqust tarixində Hindistanın Rusiya nefti və neft məhsulları alması ilə əlaqədar ona qarşı əlavə 25% gömrük rüsumları tətbiq edib. Avqustun sonunda isə ABŞ Hindistandan idxal olunan məhsul və xidmətlərə rüsumları 50%-ə yüksəldib. Hindistanın Xarici İşlər Nazirliyi bu addımları ədalətsiz adlandırıb.

Hindistan dünyada neftə ən çox tələbat olan üçüncü ölkədir və neft idxalından yüksək dərəcədə asılıdır – ölkənin tələbatının 85%-dən çoxu idxal hesabına ödənilir. Hindistanın neftayırma zavodları 30-dan çox ölkədən neft satın alır.

Son xəbərlər
Digər xəbərlər