Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a bildirib ki, Rusiyadan Hindistana neft ixracı davam edir.
“Hər şey əvvəlki qaydada davam edir,” – deyə Rudenko qeyd edib.
17 oktyabrda ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə Hindistanın artıq Rusiya nefti almayacağını bəyan etmişdi. Elə həmin gün “Press Trust of India” agentliyi yazmışdı ki, Hindistan 2025-ci ilin III rübündə idxal həcminin azalmasından sonra oktyabrda Rusiyadan neft alışını bərpa etməyi planlaşdırır.
15 oktyabrda isə Ağ Evin rəhbəri bildirmişdi ki, Hindistanın Baş naziri Narendra Modi guya onunla telefon danışığında ölkənin Rusiya neftindən imtina etməyi planlaşdırdığını söyləyib. Trampın sözlərinə görə, Hindistan Ukrayna münaqişəsi başa çatdıqdan sonra ticarət prosesini bərpa edə biləcək.
Bununla belə, Hindistan Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə qeyri-sabit enerji vəziyyətində öz istehlakçılarının maraqlarını qoruyur və Rusiyadan neft idxalı bu məqsədə xidmət edir.