Hindistan Rusiyadan neft alışının həcmini artırıb. Bu barədə ölkənin ticarət nazirinin müavini Rajeş Aqraval bildirib. Məlumatı “The Statesman” yayıb.
“Biz Rusiya neftini alırıq. Rusiyadan alışların artdığı müşahidə olunur”, — deyə nazir müavini bildirib.
“Kpler” analitiklərinin qiymətləndirməsinə görə, hazırda Rusiya nefti Hindistanda “Brent” markasına nisbətən təxminən $5 premiya ilə satılır. Halbuki əvvəllər bu yanacaq endirimlə satılırdı. Aqraval qiymət artımının Yaxın Şərqdəki münaqişə fonunda qlobal enerji tədarüklərində yaranan fasilələrlə bağlı olduğunu təsdiqləyib.
Hindistanın Neft və Təbii Qaz Nazirliyi isə ölkədə xam neft ehtiyatlarının kifayət qədər olduğunu bildirib.
Nazirliyin nümayəndəsi Sujata Şarma deyib: “Ölkədə kifayət qədər neft var. Bütün neft emalı zavodları tam gücü ilə işləyir. Yanacaqdoldurma məntəqələrimiz adi rejimdə fəaliyyət göstərir”.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı və Tehranın Hörmüz boğazını faktiki bağlaması fonunda dünya üzrə neft və digər yanacaq növlərinin qiymətləri kəskin artıb. Enerji daşıyıcıları ilə yüklənmiş tankerlərin keçdiyi bu dəniz yolu qlobal enerji təchizatı üçün əsas arteriyalardan biridir.
Bu fonda Kremlin Rusiya enerji resurslarına tələbatın artdığını qeyd edib, lakin vurğulayıb ki, Hindistan da, Çin və Rusiya kimi enerji müqavilələrində öz milli maraqlarını rəhbər tutur.
Bundan əvvəl “Reuters” xəbər vermişdi ki, ABŞ Hindistana 30 gün müddətinə müvəqqəti icazə verib. Bu lisenziya dənizdə tankerlərdə yerləşən Rusiya neftinin satışına icazə verir və məqsədi Yaxın Şərqdə gərginliyin artması fonunda qlobal neft bazarına təzyiqi azaltmaqdır.
Martın əvvəlində isə “Bloomberg” yazmışdı ki, Rusiya neftinin Hindistana tədarükləri yenidən bərpa olunub. “Reuters” həmçinin hind neft emalı şirkətlərinin tədarük problemləri səbəbindən təcili olaraq milyonlarla barel Rusiya nefti aldığını bildirmişdi.






