17 C
Baku
Wednesday, October 22, 2025

Hindistan və ABŞ gömrük rüsumlarının üç dəfə endirilməsi ilə bağlı razılaşmaya yaxındır

Hindistan və ABŞ arasında ticarət sazişinin yaxın vaxtlarda imzalanması gözlənilir. Razılaşmaya əsasən, ABŞ-nin Cənubi Asiya respublikasına qarşı tətbiq etdiyi rüsumlar 50%-dən 15–16%-ə endiriləcək.

Mənbələrin bildirdiyinə görə, energetika və kənd təsərrüfatı danışıqlarda əsas mövzulara çevrildiyi üçün Hindistan Rusiya neftinin idxalını tədricən azaltmağa razı ola bilər. Məhz bu idxal səbəbindən Vaşinqton Hindistan ixracına 25%-lik “cərimə rüsumu” tətbiq edib. Eyni zamanda, gözlənilir ki, ABŞ enerji resursları ticarətində müəyyən güzəştlərə gedəcək. Bununla belə, Ağ Ev hələlik Rusiya tərəfindən təklif edilən endirimlərə bənzər şərtlərlə razılaşmayıb.

Hazırda Hindistanın xam neft idxalının 34%-i Rusiyanın payına düşür. Ölkənin neft və qaz tələbatının təxminən 10%-i (dəyər baxımından) ABŞ-dən idxal olunur. Yeni Dehli, həmçinin, GMO-suz Amerika qarğıdalısının və soya şrotunun idxalına daha geniş icazə verməyə hazır ola bilər. Bundan başqa, Hindistan tərəfi sazişə tariflərin və bazara çıxış imkanlarının mərhələli şəkildə yenidən nəzərdən keçirilməsi mexanizminin daxil edilməsini tələb edir.

Hazırda süd məhsullarına, o cümlədən yüksək keyfiyyətli pendirə dair rüsumların azaldılması məsələsində yekun qərar yoxdur, baxmayaraq ki, bu, ABŞ tərəfinin əsas tələblərindən biridir. Polad və alüminium üzrə razılaşmaların ASEAN sammitində (26–28 oktyabr tarixlərində Malayziyanın paytaxtında keçiriləcək) elan ediləcəyi gözlənilir.

Mənbələr bildirirlər ki, sazişin ümumi çərçivəsi artıq müəyyən edilib, lakin kənd təsərrüfatı və enerji kimi həssas sahələr üzrə razılaşmanın elan edilməsindən əvvəl siyasi təsdiq tələb olunur. Ticarət üzrə ekspertlərin fikrincə, ABŞ hazırda Çinin sərtləşən mövqeyi fonunda Hindistanla sazişə getməyə daha hazır görünür.

Son xəbərlər
Digər xəbərlər