Hindistanda aviasiya turbin yanacağının (ATF) qiyməti son həftələrdə dünya neft qiymətlərinin artması fonunda iki dəfədən çox yüksəlib. Dörd ildən sonra ilk dəfə olaraq yanacağın bir kilolitrinin qiyməti 200 min Hindistan rupisini (2,1 min dollardan çox) keçib. Halbuki ötən ayın əvvəlində bu göstərici təxminən 96,6 min rupi (1,3 min dollar) idi.
Məlumatlar dövlətə məxsus “Indian Oil Corporation”, “Bharat Petroleum” və “Hindustan Petroleum” şirkətlərinin rəsmi saytlarında dərc olunub. Bu şirkətlər qiymətləri aylıq olaraq dünya bazarındakı qiymətlərə və Hindistan rupisinin məzənnəsinə uyğun şəkildə tənzimləyir. Ölkədə aviasiya yanacağının əvvəlki kəskin bahalaşması 2022-ci ildə müşahidə olunmuşdu.
Aviasiya sahəsinin ekspertləri xəbərdarlıq edir ki, yanacağın bahalaşması səbəbindən sərnişinlər aviabiletlərin qiymətlərinin artmasına hazır olmalıdır.
Eyni zamanda Hindistanda hotellər və restoranlar tərəfindən geniş istifadə olunan kommersiya mayeləşdirilmiş qazın (LPG) qiymətləri də artıb. 19 kq-lıq qaz balonu 195,5 rupi (təxminən 2 dollar) bahalaşaraq minimum 2 min rupi (22 dollar) səviyyəsinə çatıb. Bununla yanaşı, məişətdə istifadə olunan 14,2 kq-lıq LPG balonlarının qiyməti dəyişməyib (913 rupi, yəni 9,7 dollar). Məişət qaz balonlarının qiyməti sonuncu dəfə martın əvvəlində artırılmışdı.
Enerji resurslarının qlobal miqyasda kəskin bahalaşmasının əsas səbəbi Fars körfəzi ölkələrindən neft və qaz tədarükü üçün əsas marşrut olan Hörmüz boğazının bağlanmasıdır. Xammal idxal edən ölkələrdən biri də Hindistan olub. Martın 5-də ABŞ Maliyyə Nazirliyi Hindistana tankerlərə artıq yüklənmiş Rusiya neftinin alışını 30 gün müddətinə bərpa etməyə icazə verib.







